Azərbaycan xalça naxışlarında xalqımızın əhali artımı ilə bağlı tarixi demoqrafik baxışları
Xülasə
Azərbaycan xalçaları istər qədimliyinə, istərsə də ənənəvi toxunuşuna, naxışlarının zənginliyinə, rəng müxtəlifliyinə, qeyri-adi gözəlliyinə görə dünyada ən çox yayılan və analoqu olmayan, unikal sənət əsərləridir. Məhz buna görə də, Azərbaycan xalçaları mövzu müxtəlifliyi, təkrarolunmaz naxışları, xalqımızın qədim adət və ənənələrindən qidalanan dərin məna çalarları ilə heç zaman öz aktuallığını itirmir. Azərbaycan xalçalarında təsvir olunan naxış elementləri xalqımızın təbiətə və cəmiyyətə münasibətini, o cümlədən nəsil artımı ilə bağlı qayğılarını, övladcanlılığını, ailə fəlsəfəsini, həyat tərzini real şəkildə əks etdirir. Azərbaycan xalçalarında tez - tez rast gəlinən həyat ağacı təsviri yer üzündə həyatın başlanğıcını,uğuru, sevinci, xoş güzəranlı həyatı, əhali artımını, demoqrafik inkişafı, məhsuldarlığı və tərəqqini ifadə edir. Azərbaycan xalçaları xalqımızın təbiətini, doğma yurdumuzun tarixini, etnoqrafik özəlliklərini, adət-ənənələrimizi, həyat fəlsəfəsini zəngin rəng çalarları ilə orijinal bir tərzdə əks etdirən özünəməxsus sənət nümunələridir. Azərbaycan xalçaları eyni zamanda müxtəlif amillərin (məsələn, təbii-coğrafi) əcdadlarımızın həyat tərzinə, gündəlik məişətinə necə və hansı formada təsir etdiyini, o cümlədən xalqımızın hələ tarixin erkən çağlarından üzü bəri məşğul olduğu müxtəlif təsərrüfat sahələrinin bir-biri ilə bağlılığını da aydın şəkildə göstərir. Məqalədə Azərbaycan xalçaları və onlardakı naxışlarda xalqımızın əhali artımı, ailə təsəvvürləri, adət-ənənələri tarixi demoqrafiya kontekstində araşdırılır.