Ərəb, Fars və Türk dillərində simvolların inteqrasiyası və linqvokulturoloji xüsusiyyətləri
Xülasə
Tədqiqat işində ərəb dilində formalaşmış leksik, mədəni və rəmzi elementlərin (simvolların) digər dillərə necə inteqrasiya olunduğunu nəzəri-metodoloji və tarixi prizmalardan təhlil edir. Məqsəd – simvol anlayışının semiotik və linqvistik çərçivəsini tətbiq edərək müxtəlif inteqrasiya mexanizmlərini (leksik alınma, kalka, fonetik/ortoqrafik adaptasiya, mədəni transfer və s.) sistemləşdirməkdir. Həm tarixi (məs. Osmanlı dövrü), həm də müasir kontakt nümunələrinə qısa istinadlar verilir. Rəqəmlənə bilən leksik transferdən fərqli olaraq, simvolların inteqrasiyası çoxşaxəli semiotik proses olduğundan dil-mədəniyyət əlaqələrinin dərinliyini göstərir). Bu məqalədə ərəb, fars və türk dillərində simvolların inteqrasiyası, dillərarası keçid modelləri, semantik transformasiya və linqvokulturoloji şifrələnmə mexanizmləri geniş şəkildə təhlil edilir. Tədqiqat göstərir ki, ərəb mədəniyyətinin dini, fəlsəfi və poetik simvolları əvvəlcə fars mədəni məkanında dərinləşmiş, daha sonra türk dilinə, xüsusilə də Osmanlı ədəbi və idarəçilik sisteminə keçərək növbəti mərhələdə yeni funksional-semiotik məzmun qazanmışdır. Məqalədə üç dil arasında simvolik vahidlərin metaforik strukturu, konseptual çərçivəsi, rəmzi kodlaşdırma səviyyələri və mədəni identitetin formalaşmasındakı rolu araşdırılır. Ərəb, fars və türk dillərinin ədəbi-mədəni sistemlərində “səbr” və digər simvolların formalaşması, semantik inkişafı və linqvokulturoloji təzahürləri müqayisəli şəkildə araşdırır. Tədqiqatın məqsədi “səbr” və digər anlayışların üç mədəniyyətin ortaq mənəvi dəyərlərinin necə daşıyıcısına çevrildiyini müəyyən etmək, simvolun həm dini-mistik düşüncə, həm də poetik- estetik ənənələrdəki rolunu müəyyənləşdirməkdir. “Səbr” simvolu ərəb sufizminin klassik mənbələrində – xüsusilə əşəri və təsəvvüfi düşüncədə – ruhun möhkəmliyinin, nəfsin cilalanmasının və ilahi imtahanlara sədaqətlə tab gətirməyin əsas göstəricisi kimi təqdim edilir. Qəzali və Qüşeyri kimi düşünürlərin əsərlərində səbr, həm mənəvi təkamülün başlanğıcı, həm də kamil insan mərtəbəsinə çatmağın şərti kimi təsvir edilir.