Hər naxışı bir nağıl, hər xalçası bir ilham dünyası (xalçaçı-rəssamı Aydın Rəcəbovun həyat və yaradıcılığına həsr olunur)
Xülasə
Hazırkı məqalə Azərbaycan xalça sənətinin inkişafında misilsiz istedadı və bacarığı ilə töhfə verən sənətkarlarımızdan biri xalçaçı-rəssam Aydın Rəcəbovun həyat və yaradıcılığına həsr olunmuşdur. Mövzu müxtəlifliyi və rəngarəngliyi ilə geniş yaradıcılığa malik sənətkarın əsərləri Azərbaycan xalqının keçmişini, bu gününü, gələcəyini özündə yaşadan bir xəzinədir. Aydın Məmməd Ağa oğlu Rəcəbovun ilk fərdi xalça sərgisi 2005-ci ildə Bakıda təşkil olunmuş, elə həmin ildə də Stokholm (İsveç) şəhərində fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aydın müəllimin müəllifi olduğu xalça nümunələri Türkiyə, Almaniya, İspaniya, Fransa, İsveç, Belçika, Norveç və Rusiya Federasiyasındakı nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. Xalçaçı-rəssam yaradıcılığı dövründə müxtəlif səpkili əsərlər yaratmaqla bərabər, eyni zamanda rəssam-dizayner kimi də fəaliyyət göstərmiş və bir çox komplekslərin dizaynının hazırlanmasını da həyata keçirmişdir. Uşaqlıqdan rəssam olmaq arzusuyla böyüyən Aydın müəllim bütün həyatını və yaradıcılığını ancaq bu sənətə həsr etmiş və böyük uğurlara imza ataraq xalqının, millətinin sevimlisinə çevrilmiş, istər öz profili sahəsində, istərsə də profili olmayan bədii tərtibat və dizayn işində də bir çox uğurlu layihələr üzərində işləyərək, ona göstərilən etimadı layiqincə doğrultmuşdur. Müəllifin hər bir əsəri onun dünyagörüşünün bir parçasıdır. İstər tariximizi yaşadan, istərsə də mənəvi dünyamızı əks etdirən müqəddəs təsvirlərlə bağlı əsərlərinin hər biri gələcək nəsillərə ötürülən bir irsdir. Xalq rəssamı Aydın Rəcəbovun həyat yolu və əsərləri haqqında ətraflı məlumat məqalədə öz əksini tapacaqdır.