Ahi Bənli Həsən əlyazmalarının paleoqrafik təsviri
Xülasə
Ahi Bənli Həsən Osmanlı dövrü türk ədəbiyyatının formalaşma və inkişaf mərhələsində mühüm rol oynamış, dövrünün tanınmış və nüfuzlu şairlərindən biri olmuşdur. Onun yaradıcılığı klassik Osmanlı ədəbi ənənələri çərçivəsində formalaşmış, poetik dili və bədii ifadə imkanlarının zənginliyi ilə seçilmişdir. Şairin əsərlərində dövrün dini-fəlsəfi dünyagörüşü, əxlaqi dəyərləri və estetik prinsipləri aydın şəkildə əks olunmaqdadır. Təqdim olunan məqalədə indiyədək Azərbaycan ədəbiyyatşünaslığında sistemli şəkildə tədqiq olunmamış Ahi Bənli Həsənin həyatı, ədəbi fəaliyyəti və əsərləri haqqında ilkin elmi məlumatlar təqdim edilir, mövcud yazılı mənbələr və kataloq materialları əsasında ümumi elmi mənzərə yaradılır. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, şairə məxsus əsərlərin dünya kitabxanaları və arxivlərində ümumilikdə 57 əlyazma nüsxəsi mühafizə olunur ki, bu fakt Ahi Bənli Həsənin yaradıcılığının geniş coğrafiyada yayılmasından və uzun müddət oxucu marağı doğurmasından xəbər verir. Məqalədə Ahi Bənli Həsənin əsərlərinin AMEA M.Füzuli adına Azərbaycan Əlyazmalar İnstitutunda, eləcə də Almaniya, Fransa və Türkiyədəki əlyazma fondlarında qorunan nüsxələri əsasında paleoqrafik təhlil aparılır. Tədqiqatın əsas məqsədi müxtəlif dövrlərdə və fərqli mədəni mühitlərdə köçürülmüş bu əlyazma nüsxələrinin yazı üslubu, istifadə olunan materiallar, xətt xüsusiyyətləri və struktur fərqlərini müqayisəli şəkildə araşdırmaqdan ibarətdir. Bu yanaşma şairin irsinin mətnşünaslıq baxımından daha dərindən öyrənilməsinə yeni elmi imkanlar açır.