Azərbaycan dilinin inkişafinda və tədrisində H.K.Saniyev zirvəsi
Xülasə
Hacı Kərim Sanılı (Saniyev Hacı Kərim Hüseyn oğlu) 1878-ci ildə Qazax mahalının Çaylı kəndində anadan olub. H.K.Saniyevin bir pedaqoq kimi öz dövrünün təhsil problemlərinin həllində, proqram və dərsliklərin hazırlanmasında, ölkədə savadsızlığın və geriliyin aradan qaldırılmasında, milli uşaq ədəbiyyatının təşəkkül tapmasında, yeni məktəblərin açılmasında, təhsilin ana dilində aparılmasında, həmçinin Azərbaycan ədəbiyyatının inkişafı və formalaşdırılmasında əhəmiyyətli xidməti olmuşdur. Onun bir müəllim-pedaqoq kimi fəaliyyəti diqqətəlayiqdir. Lakin milli təhsil tariximizdə və ədəbiyyatımızın inkişafında müəyyən rolu və xidmətinin olmasına baxmayaraq, təəssüf ki, respublikamızda Hacı Kərim Sanlı haqqında məlumatlar kifayət qədər yayılmamışdır. Müasir dövrdə orta məktəb şagirdlərinin H.K.Sanılı haqqında demək olar ki, heç bir məlumatı yoxdur. Çünki dərsliklərə H.K.Saniyev haqqında hər hansı bir məlumat daxil edilməmişdir. H.K.Saniyev xalqını, torpağını, dilini və ədəbiyyatını sevən və milli təhsil tariximizdə izi qalan müəllimlərdən biri olmuşdur. Sovet dövründə dərc edilmiş ensiklopediyalarda H.K.Saniyev (Sanılı) haqqında ümumiyyətlə, heç bir məlumat dərc edilməmiş, 2005-ci ildə nəşr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın II cildində isə onun haqqında qısa və natamam məlumatlar dərc edilmişdir. Hacı Kərim Sanılı savadlı nəslin formalaşması üçün çox işlər görmüşdür. Belə ki, 1905-ci ildə Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti buraxılmasına qol çəkdirən, icazə alan məhz Hacı Kərim Sanılı olmuşdur. 1937-ci ildə ölkəni bürümüş qırmızı terror xalqımızın bir sıra dəyərli oğullarının, o cümlədən H.K.Saniyevin başının üstünü alır. Dəhşətli repressiyanın növbəti qurbanı H.K.Saniyev (Sanılı) olur. Məqalədə Azərbaycanda ana dilinin inkişafında və onun tədrisinin tıəkmilləşməsində özünəxas rolu olan Hacı Kərim Sanılıdan bəhs olunur. Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 224-237 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 224-237 e-ISSN: 3005-4982 225