ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türk xalqlarının pedaqoji fikir tarixi: Qazaxıstan pedaqoji fikir tarixindən səhifələr

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 212–223 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/212-223

Xülasə

Müasir cəmiyyətin inkişaf mərhələsində təhsil yalnız bilik verməklə kifayətlənmir, eyni zamanda fərdin milli və qlobal mədəni kontekstdə formalaşmasına, sosial inteqrasiyasına və şəxsiyyət kimi tam şəkildə inkişaf etməsinə şərait yaradır. Bu baxımdan, son dövrlərdə təhsil sistemində milli və regional komponentlərə, eləcə də dövlət quruluşunun müxtəlif mərhələlərində ictimai fikrin inkişaf tarixinin öyrənilməsinə maraq artmışdır. Təhsil məzmunu yalnız akademik bilikləri deyil, həm də milli-mədəni dəyərləri, tarixi irsi və ictimai kimliyi əhatə etməlidir. Belə bir sintez fərdin həm milli kimliyini qoruyub saxlamasına, həm də müasir cəmiyyətə uğurla inteqrasiya olunmasına imkan yaradır. Bu inteqrasiya isə yalnız fərdin öz köklərini, mənəvi-mədəni irsini dərindən anlaması və dərk etməsi ilə mümkün ola bilər. Milli özünüdərk və yeni tarixi şəraitdə tərbiyə sisteminin yenilənməsi zərurəti, pedaqoji keçmişə marağın artmasına səbəb olmuşdur. Xalq pedaqogikası bu baxımdan əvəzsiz bir mənbə rolunu oynayır. Cəmiyyətimizdə baş verən ictimai-siyasi dəyişikliklər və qloballaşma tendensiyaları bizi milli köklərimizə daha sıx bağlamaqdadır. Azərbaycanın bu gün dünyada multikultural dəyərləri ilə tanınması xalq pedaqogikası və zəngin mədəni irsimizin birbaşa təsiri ilə mümkün olmuşdur. Bu şəraitdə pedaqoji elmin qarşısında duran əsas vəzifələrdən biri mövcud sosial-mədəni mühiti düzgün təhlil etmək, digəri isə xalq pedaqogikasının tərbiyəvi imkanlarını təhsil sisteminə effektiv şəkildə inteqrasiya etməkdir. Bu yanaşma həm şəxsiyyətin inkişafına, həm də milli-mədəni dəyərlərin qorunmasına xidmət edir. Qədim türklərin pedaqoji irsi – onların gənc nəslin təlim və tərbiyəsi haqqında söylədikləri dərin mənalı, hikmətli fikirlər bu gün də öz aktuallığını qorumaqdadır. Əsrlər boyu formalaşmış bu müdrik irs müxtəlif əlyazmalarda, ədəbi və tarixi abidələrdə əks olunaraq, milyonlarla insanın düşüncə və davranışına müsbət təsir göstərmişdir. Bu zəngin mənbələr, müasir dövrün pedaqoqları üçün həm tərbiyəvi, Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 212-223 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7/ 212-223 e-ISSN: 3005-4982 213 həm də nəzəri-metodoloji baxımdan mühüm istiqamət göstəricisi rolunu oynayır. Ümidvarıq ki, bu dəyərlər yeni-yeni elmi araşdırmalar vasitəsilə yenidən işlənərək, məqalə və kitablarda əks olunacaq, nəticədə müasir gəncliyin təfəkkürünün, mənəvi dünyasının və vətəndaş məsuliyyətinin formalaşmasında mühüm amillərdən birinə çevriləcəkdir. Eyni zamanda, gələcək nəsillərdə milli-mənəvi dəyərlərə və ənənələrə bağlı sağlam dünyagörüşünün inkişafı üçün, xüsusilə Qazaxıstanın pedaqoji fikrinin formalaşmasında xüsusi yeri olan tanınmış alimlərin elmi baxışları və tərbiyəvi yanaşmaları ilə yaxından tanışlıq mühüm əhəmiyyət daşıyır.