Bəxtiyar Vahabzadənin dramaturgiyasında tarixilik problemi
Xülasə
Bəxtiyar Vahabzadə bütün türk dünyasının sevilən şairi, böyük şəxsiyyətdir. Onun bədii irsində XX əsr Azərbaycanının gerçək mənzərəsi canlandırılmışdır. Sənətkarın çoxşaxəli yaradıcılığında dramaturgiya mühüm yer tutur. B. Vahabzadənin dram yaradıcılığında vətənin müstəqilliyi ideyası, yüksək mənəvi əxlaqi dəyərlər ifadə olunduğundan onu əslində həqiqət güzgüsü adlandırmaq olar. Şair-dramaturqun baş obrazı - İnsandır. Yaradıcılığında insana müraciətlə o, əslində insan və cəmiyyət problemində şəxsiyyət amilinin yerini müəyyənləşdirir. Bu dramaturgiyada tarixin dialektikası, onun müşahidə və dərk olunması təkcə gözlə görünənlərin təsvirində deyil, həm də hissi-emosional duyğuların dərin qatlarına nüfuz etməklə canlandırılır. Məqalədə Xalq şairi Bəxtiyar Vahabzadənin müstəqillik dövrü dramaturji yaradıcılığı təhlil edilmişdir. Lirik-psixoloji üslubu B.Vahabzadənin poeziyasının, eləcə də dramaturgiyasının bir hissəsi hesab etmək olar. Başqa sözlə desək, şair-dramaturqun poeziyasında görülən lirik-psixoloji üslub pyeslərində də müəyyən dərəcədə yer almışdır. Onun “Yağışdan sonra”, “Yollara iz düşür”, “İkinci səs”, “Cəzasız günah”, “Rəqabət” və b. pyeslərində müasirlərimizin həyatı və münasibətləri təsvir olunur. Aydındır ki, B. Vahabzadəni dramaturgiyaya gətirən problemlərin kökündə müəyyən ictimai gerçəkliklər dayanırdı. Şairin poetik yaradıcılığına məxsus dramatik konflikt, bir-birinə zidd qüvvələr arasındakı qarşıdurmanın ictimailiyi və dinamizm, eləcə də gündəlik həyatımızda rastlaşdığımız problemlər şairi dramaturgiyaya gətirən amillərdəndir. Məlumdur ki, sovet dövründə uzun illər Azərbaycan xalqı özünün soykökündən qəsdən uzaqlaşdırılmış, qədim türklərin tarixi və sərkərdələri haqqında əsərlər yazılmamış, ya da mövzuya epizodik olaraq toxunulmuşdur. Müstəqillik illərində B.Vahabzadə tarixi mövzulara müraciət etmiş və sovet dövründə yaza bilmədiyi tarixi həqiqətləri yeni mərhələdə ifadə etmək istəmişdir. “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “Göytürklər” dramları tariximizin müxtəlif hadisələrinə işıq salır. Dramaturq bu pyeslərdə tarixi gerçəkliyi Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 136-144 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 136-144 e-ISSN: 3005-4982 137 müasir həyatla uzlaşdırmaq üçün tarixi prinsipləri pozmur, estetik qayə ilə tarixi prinsiplər bir-birini tamamlayır. Beləliklə, tarixi mövzu B.Vahabzadə düşüncəsində yeni bir həyat qazanır. “Özümüzü kəsən qılınc” ,“Dar ağacı” və başqa dram əsərlərinin uğurlu səhnə taleyinin əsas səbəbi onların aktuallığını itirməyən ideyasındadır. Dramaturqun tarixə yanaşması da burada əsas cəhətlərdən biri kimi diqqəti çəkir. Bu əsərlərlə B.Vahabzadə dramaturji düşüncəsində tarixi mövzular yeni həyat kəsb etmiş, pyeslərdə tarixilik və müasirlik keyfiyyəti meydana çıxmışdır.