ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan nağıllarında xalq hikməti və mənəvi dəyərlər

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 145–151 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/145-151

Xülasə

Nağıllar hər bir xalqın düşüncə tərzini, həyat fəlsəfəsini, əxlaqi və mənəvi dəyərlərini əks etdirən şifahi xalq ədəbiyyatının ən zəngin və qədim janrlarından biridir. Azərbaycan xalq nağılları əsrlər boyu formalaşmış, xalqın dünyagörüşünü, sosial münasibətlərə və insan xarakterinə dair düşüncələrini özündə əks etdirmişdir. Bu nağıllarda ədalət, mərhəmət, zəka, cəsarət, dostluq, xeyirxahlıq və zəhmətsevərlik kimi dəyərlər tərənnüm olunur. Bu nağıllar insana əxlaqi tərbiyə vermək, onun həyat yolunu işıqlandırmaq və gələcək nəsillərə milli-mənəvi dəyərləri ötürmək missiyasını yerinə yetirir. Azərbaycan nağılları xalqın müdrikliyinin, mənəvi-əxlaqi dəyərlərinin və həyat təcrübəsinin ən zəngin ifadə vasitələrindən biridir. Məqalədə Azərbaycan nağılları janr baxımından üç əsas qrupa – sehrli nağıllar, məişət nağılları və heyvanlar haqqında nağıllara bölünərək təhlil edilir. Bu nağıllarda təsvir edilən qəhrəmanlar – igid cavanlar, hikmətli qocalar, zalım hökmdarlar, cadugərlər, sehrli varlıqlar, xeyirxah və məkrli personajlar xalqın mifik dünyagörüşünün ifadəsidir. Xüsusilə qəhrəmanın müxtəlif sınaqlardan keçərək kamilləşməsi, onun müdrik məsləhətçilərdən, sehrli vasitələrdən istifadə edərək çətinlikləri aşması, nəticədə ədalətin zəfər çalması motivləri geniş şəkildə araşdırılır. Tədqiqatın əsas məqsədi Azərbaycan nağıllarının təkcə folklor nümunəsi kimi deyil, həm də xalqın mənəvi dəyərlərinin, əxlaq normalarının, etik qaydalarının daşıyıcısı kimi təqdim olunmasını göstərməkdir. Burada nağılların uşaqların tərbiyəsində, mənəvi-əxlaqi keyfiyyət- lərinin formalaşmasında, milli kimlik və vətənpərvərlik şüurunun inkişafında oynadığı mühüm rol vurğulanır. Azərbaycan nağıllarının müasir dövrdə tədqiqi və təbliği məsələlərinə də toxunulur, onların yazılı və şifahi ədəbiyyatda, təhsil və tərbiyə sistemində istifadəsi üzərində dayanılır.