Birinci Türkoloji Qurultayın iştirakçısı Mirzə Cabbar Məmmədzadə
Xülasə
Mirzə Cabbar Məmmədzadə (1882–1938) Azərbaycan maarifçiliyi, dilçilik və pedaqoji fikir tarixində mühüm yer tutan görkəmli ziyalıdır. İrəvanda dünyaya gələn Mirzə Cabbar uşaqlıqdan zəngin təbiət və maarifçi mühitdə formalaşmış, İrəvan Müəllimlər Seminariyasında təhsil alaraq peşəkar müəllim kimi yetişmişdir. O, XX əsrin əvvəllərindən başlayaraq İrəvan, Naxçıvan və Bakı mühitlərində müəllimlik, məktəb quruculuğu, maarifçilik və ictimai fəaliyyətlə məşğul olmuş, azərbaycanlı uşaqların təhsilə cəlb edilməsində mühüm rol oynamışdır. Mirzə Cabbar ana dili tədrisinin inkişafına xüsusi önəm vermiş, teatr və xeyriyyəçilik fəaliyyəti ilə milli oyanış prosesinə töhfə vermişdir. O, Yeni Türk Əlifbası Komitəsinin fəal üzvü kimi əlifba islahatında, savadsızlığın aradan qaldırılmasında və yeni dərsliklərin hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Onun müəllifi və redaktoru olduğu onlarla dərslik uzun illər məktəblərdə istifadə edilmişdir. Birinci Ümumittifaq Türkoloji Qurultayın iştirakçısı olub. 1937-ci ildə o, əsassız ittihamlarla həbs edilərək güllələnmişdir. Mirzə Cabbarın irsi bu gün də Azərbaycan təhsil və dilçilik ənənələrinin formalaşmasında dəyərli mənbədir.