Cənub-Şərqi Avropaya Bolqar xanlığının siyasi təsiri
Xülasə
Bu məqalə VII əsrdə Kubrat xanın rəhbərliyi ilə formalaşmış Böyük Bolqarıstan Dövlətinin Cənub-Şərqi Avropanın etno-siyasi inkişafında oynadığı rolu hərtərəfli şəkildə təhlil edir. Araşdırmada Böyük Bolqar Dövlətinin yaranma şəraiti, siyasi strukturu, regional güc balansındakı mövqeyi və onun Qara dənizin şimalında formalaşan siyasi proseslərə təsiri sistemli şəkildə araşdırılır. Xüsusi diqqət Kubrat xanın diplomatik fəaliyyəti, Bizans imperiyası ilə münasibətləri, Xəzər xaqanlığı və Avar siyasi sistemi ilə qarşılıqlı əlaqələrinə yönəldilir. Məqalədə göstərilir ki, Böyük Bolqarıstan dövləti yalnız qısa ömürlü siyasi birlik kimi deyil, regionda uzunmüddətli etno- siyasi transformasiyaların başlanğıc nöqtəsi kimi çıxış etmişdir. Kubrat xanın ölümündən sonra dövlətin parçalanması bolqar tayfalarının müxtəlif coğrafi istiqamətlərdə yayılmasına səbəb olmuş, nəticədə Volqa Bolqar dövləti, Dunay Bolqar dövləti və digər regional siyasi strukturlar meydana gəlmişdir. Bu proses yalnız siyasi parçalanma ilə məhdudlaşmamış, eyni zamanda yeni etnik və mədəni kimliklərin formalaşmasına təkan vermişdir. Tədqiqatda Onoqur, Kutriqur və digər oğur komponentlərinin yeni etno-siyasi qurumlara inteqrasiyası ayrıca təhlil edilir və bu inteqrasiyanın Cənub-Şərqi Avropanın etnik xəritəsinin formalaşmasında oynadığı rol vurğulanır. Eyni zamanda, Böyük Bolqar Dövlətinin süqutunun Xəzər xaqanlığının yüksəlişi və regionda güc balansının dəyişməsi ilə sıx bağlı olduğu əsaslandırılır.Məqalənin nəticələri göstərir ki, Böyük Bolqarıstan Dövlətinin tarixi əhəmiyyəti onun mövcud olduğu dövrlə məhdudlaşmır. Bu dövlətin siyasi və mədəni irsi sonrakı əsrlərdə Balkanlar, Şərqi Avropa və Volqa bölgəsində dövlətçilik ənənələrinin formalaşmasına ciddi təsir göstərmişdir. Kubrat xanın siyasi irsi isə həm bolqar tarixində, həm də bütövlükdə türk dünyasının tarixi yaddaşında mühüm istinad nöqtəsi kimi dəyərləndirilir.