ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Maarifçilik dövrü elm və cəmiyyət arasinda qarşılıqlı təsir və transformasiya dövrü kimi

Say: Cild 4, № 1 (9), 2026 Səhifələr: 108–112 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/9/108-112

Xülasə

Məqalədə maarifçilik fenomeninin mahiyyəti geniş şəkildə izah olunur, elmi kəşflərin və rasional düşüncənin alim və mütəfəkkirlərin timsalında cəmiyyətin dünyagörüşünə necə təsir göstərdiyi təhlil edilir. Bu prosesin nəticəsində cəmiyyətin ənənəvi, dini-dogmatik yanaşmadan uzaqlaşaraq daha çox ağıl, təcrübə və elmi sübutlara əsaslanan düşüncə tərzinə yönəlməsi xüsusi vurğulanır. Eyni zamanda, maarifçilik ideyalarının sosial münasibətlərə, idarəetmə formalarına və insan–cəmiyyət əlaqələrinə gətirdiyi yeni yanaşmalar müxtəlif aspektlərdən müzakirə olunur. Məqalədə qeyd edilir ki, bəzi elmi ideyaların sistemli şəkildə formalaşdırılması və institutsionallaşdırılması əsasən Qərb cəmiyyətlərində baş versə də, bu ideyaların ilkin intellektual mənbələrinin və fəlsəfi təməl prinsiplərinin Şərq düşüncəsində formalaşdığı elmi istinadlar əsasında əsaslandırılır. Bu kontekstdə Şərq alimlərinin elmin inkişafında oynadığı rolun sonrakı Qərb maarifçiliyinə təsiri göstərilir və maarifçilik prosesinin qlobal, mədəniyyətlərarası xarakter daşıdığı nəticəsinə gəlinir. Maarifçilik dövründə elm və cəmiyyət arasında qarşılıqlı təsir və transformasiya baş verdi. Elmi kəşflər və ixtiralar dünyaya yeni baxışlar təklif etdi və əvvəlki təsəvvürləri sorğuladı, bu da öz növbəsində cəmiyyətdə dəyişikliklərə səbəb oldu. Məsələn, Qalileo Qaliley və Nyutonun elmə verdiyi töhfələr təbiət dünyası və dini inanclar haqqında cəmiyyətin təsəvvürlərini əhəmiyyətli dərəcədə dəyişdi. Və yaxud Fransız maarifçisi və sosioloqu O.Kontun təməlini qoyduğu “Elmi pozitivizm” cərəyanı cəmiyyətin “elmi” öyrənilməsini təklif etdi. Buna görə də o öz təlimini ilkin olaraq, “sosial fizika” adlandırdı. Daha sonra onu daha da təkmilləşdirərək sosiologiya- cəmiyyəti öyrənən elm kimi təqdim etdi. Lakin sonralar belçikalı alim və statistik A.Ketlenin də həmin termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz sosiologiyanı daxil etdi.