Cənubi Qafqazın geosiyasi əhəmiyyəti: Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığı
Xülasə
Cənubi Qafqaz regionu tarixin müxtəlif dövrlərində dünyanın aparıcı dövlətlərinin maraq obyekti olmuşdur. Müasir beynəlxalq münasibətlər sistemində regiona böyük dövlətlərin marağı hələ soyuq müharibə illərində özünü büruzə vermiş, soyuq müharibənin əsas aktorları olan Amerika Birləşmiş Ştatları və Sovet Rusiyası Cənubi Qafqaza təsir gücünü artırmaq naminə “cinah dövlətlər”dən istifadə etmişdir. XX əsrin 90-cı illərinədək bu cür cinah dövlətlərin sırasına Türkiyə Respublikası və İsrail dövləti də daxil olmuşdur. Hətta bu iki dövlətin ABŞ ilə xarici siyasət əlaqələrinin əsas punktlarından biri də məhz Cənubi Qafqaz regionunda amerikan maraqlarının qorunması və yayılması ilə əlaqədar olmuşdur. SSRİ-nin dağılmasından və soyuq müharibənin bitməsindən sonra Türkiyə Respublikası və İsrail dövləti Cənubi Qafqaz regionunda yenidən müstəqilliyini bərpa etmiş post-sovet respublikaları ilə münasibətlərini davam etdirməyə, daha da gücləndirməyə çalışmışdır. Bu amil Türkiyə Respublikasının və İsrail dövlətinin Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərinin qurulmasında və inkişafında əsas faktorlardan biri olmuşdur. Bu baxımdan məqalədə Cənubi Qafqazın geosiyasi əhəmiyyəti fonunda Azərbaycan-Türkiyə-İsrail əməkdaşlığı və tərəfdaşlığının əsas məqamları, Azərbaycan Respublikasının möhtəşəm qələbəsi və ərazi bütövlüyünün tam surətdə bərpa etməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Respublikası və İsrail dövlətinin dəstəyini araşdırmaq nəzərdə tutulmuşdur.