Şamaxının “Kolizey”i
Xülasə
Dünyanın qədim şəhərlərinin əksəriyyəti daha çox özlərinin möhtəşəm tikililəri ilə diqqəti cəlb edib. Moskva Kremllə, Paris Eyfel qülləsi ilə, Sankt-Peterburq Ermitajla, London Temza çayı üzərindəki asma körpüləri ilə, Roma da öz Kolizeyi ilə məhşur olub. Kolizey demişkən, İtaliyanın bir neçə şəhərində, o cümlədən Pompey və Veronada da antik dünyanın yadigarları olan kolizeylər var. Amma onlardan heç biri Roma Kolizeyi qədər əzəmətli və məşhur deyil. Odur ki, İtaliyada olan hər kəs artıq uzun illərdir ki, bir növ Romanın loqosuna çevrilmiş olan Kolizeyi görmək, ən azı orada bir xatirə fotosu çəkdirmək istəyir. Azərbaycanın qədim şəhərlərinin öz kolizeylərləri olmasa da, hər halda hər birinin özünəməxsus memarlıq üslubu ilə seçilən əzəmətli tikililəri olub. Bakı Qız qalası və Şirvanşahlar saray kompleksi, Təbriz Göy məscidi, Naxçıvan Mömünəxatun məqbərəsi, Şuşa və Dərbənd əzəmətli qala divarları, Şəki Xan sarayı, Gəncə İmamzadə kompleksi ilə daha çox tanınıb. Bu sıraya elə ən azı qədim Roma qədər yaşı və parlaq keçmişi olan qədim Şamaxını da əlavə etmək yerinə düşər. Şamaxı Yunan və Roma mənbələrində adı çəkilən qədim Azərbaycan şəhərlərindəndir. 1939-cu ildə Şamaxı rayonunun Xınıslı kəndi ərazisində təsərrüfat işləri zamanı içərisində 300 ədəddən çox sikkə, o cümlədən Roma denarisi, Arşaki draxmaları, Afina, Frakiya və Selevki texradmaları və 72 ədəd qədim alban pulları olan dəfinənin tapılması Şamaxının tarixinin dərindən və hərtərəfli öyrənilməsi yolunda dönüş mərhələsi oldu. 1958-73-cü illərdə professor Cabbar Xəlilovun, 80-90-cı illərdə professor Hüseyn Ciddinin rəhbərliyi ilə şəhər ərazisində davam etdirilən tədqiqatlar Şamaxı tarixinə dair bilgilərimizi daha da zənginləşdirmiş oldu. Amma Şamaxı şəhərinin keçmiş ehtişamından xəbər verən ən səs-küylü tapıntı 2009-cu ildə şəhər 1 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikmək məqsədilə bünövrə yeri qazılarkən üzə çıxdı. Bu, Şamaxının kolizeyi hesab edilə biləcək İç qala-saraykompleksi idi.