Müstəqillik dövrü Azərbaycan nəsrində milli kimliyin yenidən qurulması: post-sovet travmadan özünüdərkə qədər
Xülasə
Məqalədə müstəqillik dövrü Azərbaycan nəsrində milli kimliyin yenidən qurulması prosesi post- sovet transformasiyalar kontekstində kompleks şəkildə araşdırılır. Tədqiqatın məqsədi müharibə təcrübəsi, sosial sarsıntılar, məcburi köçkünlük, kollektiv travma və ideoloji dəyişikliklərin bədii düşüncədə necə ifadə olunduğunu və bu amillərin milli özünüdərk prosesinə təsir istiqamətlərini müəyyənləşdirməkdir. Tədqiqat zamanı müqayisəli-analitik və mətni-təhlil metodlarından istifadə olunmuşdur. Araşdırma göstərir ki, müasir Azərbaycan nəsrində post-sovet travması yalnız böhran və itki fenomeni kimi deyil, həm də kollektiv yaddaşın aktivləşməsi, tarixi təcrübənin yenidən dərk edilməsi və milli-mənəvi dəyərlərə dönüş üçün mühüm impuls kimi təqdim olunur. Qarabağ mövzusu, vətən və torpaq anlayışları, tarixi yaddaşa qayıdış motivləri, folklor və mifoloji kodların müasir interpretasiyası milli kimliyin bərpasının əsas bədii mexanizmləri kimi çıxış edir. Fərdi talelərin kollektiv təcrübə ilə əlaqələndirilməsi, yeni vətəndaş modeli və realist-postmodern estetik yanaşmaların sintezi müasir identiklik diskursunun çoxqatlı və dinamik xarakterini müəyyən edir. Nəticə olaraq, müstəqillik dövrü Azərbaycan nəsrinin post-sovet böhran mərhələsindən milli özünüdərk və dəyər sisteminin yenilənməsi mərhələsinə keçidin bədii modelini yaratdığı və ədəbiyyatın milli şüurun formalaşmasında mühüm sosial-mədəni və ideoloji funksiyaya malik olduğu qənaətinə gəlinir.