Türkoloji Qurultay və Azərbaycan - Özbəkistan elmi-mədəni əlaqələri: tarixi varislik və müasir perspektivlər
Xülasə
Məqalədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın Azərbaycan və Özbəkistan arasındakı elmi-mədəni əlaqələrin inkişafındakı strateji rolu və bu əlaqələrin çoxəsrlik tarixi kökləri kompleks şəkildə təhlil edilir. Tədqiqatın əsas məqsədi türk dünyasının bu möhtəşəm elmi platformasının iki qardaş xalqın intellektual birliyinə verdiyi töhfələri yeni arxiv sənədləri işığında işıqlandırmaqdır. Müəlliflər XVI əsr mütəfəkkiri Yusif Qarabaği irsindən başlayaraq, XX əsrin əvvəllərindəki cədidçilik hərəkatı, Seyid Rza Əlizadənin maarifçilik fəaliyyəti və Maqsud Şeyxzadə yaradıcılığı vasitəsilə formalaşan mənəvi varislik xəttini izləyirlər. Məqalədə ilk dəfə olaraq Birinci Türkoloji Qurultayda iştirak edən özbək nümayəndə heyətinin (Qazi Alim Yunusov, Məşriq Elbəy və b.) elmi missiyası, onların əlifba islahatı və terminologiya məsələlərindəki prinsipial mövqeyi və sonradan məruz qaldıqları totalitar repressiyaların faciəvi nəticələri analiz olunur. Tədqiqat nəticəsində sübut edilir ki, 1926-cı il qurultayında qoyulmuş elmi-mədəni təməllər müasir dövrdə Azərbaycan və Özbəkistanın strateji müttəfiqliyinin və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki inteqrasiya proseslərinin mənəvi bazasını təşkil edir.