Tarix dərslərində şagirdlərdə akmeoloji bacarıqların formalaşdırılması
Xülasə
Müasir şəraitdə təhsil sisteminin strateji məqsədlərindən biri davamlı özünüinkişaf yönümlü, ümumbəşəri dəyərlərin prioritetini qəbul edən və işlərində davamlı nailiyyətlərə, cəmiyyətin və dövlətin inkişafına töhfə verməyə çalışan şagirdlər yetişdirməkdir. Müasir dövrümüzdə təhsil sistemində əsas məqsədlərdən biri də təhsilalanların həyati bacarıqları mənimsəməsini təmin etməkdir. Bu baxımdan, tədris prosesində akmeoloji bacarıqların tətbiq olunması mühüm əhəmiyyət daşıyır. Məqalədə tarix dərslərində təhsilalanların düşüncə və şəxsi inkişafına yönəlmiş akmeoloji bacarıqların tətbiqi imkanları və əhəmiyyəti araşdırılır. Akmeoloji bacarıqlar şagirdin şəxsiyyətini, onun məqsədyönlülüyünü və informasiya savadlılığını inkişaf etdirir, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə şərait yaradır. Bu bacarıqların qiymətləndirilməsi reflektiv metodlar, portfolio qiymətləndirməsi, debat və başqa interaktiv vasitələrlə mümkündür. Tədqiqatın nəticəsində qeyd olunur ki, tarix dərslərində şagirdlərin akmeoloji bacarığını inkişaf etdirdikdə, onlar həm tədrisdə uğur qazanır, həm də sosial, mədəni baxımdan daha yetkin və məsuliyyətli fərdlər kimi formalaşırlar. Təhsil müəssisələri tədris prosesində şagirdlərin şəxsiyyət kimi yetişdirilməsində həlledici rol oynayır. Şagirdlərdə akmeoloji bacarıqların formalaşdırılması bir sıra amillərdən asılıdır. Bu amillər təhsil müəssisələrində texniki avadanlıqların müasirləşdirilməsi, müəllimlərin müasir peşəkar bilik və bacarıqlara yiyələnməsi, onların peşəkar fəaliyyəti üçün şagirdlərdə akmeoloji bacarıqların formalaşdırılması və inkişaf etdirilməsindən ibarətdir. Ölkəmizin təhsil sisteminin əsas inkişaf istiqamətlərindən biri cəmiyyətə intellektual və mənəvi keyfiyyətlərə malik bir vətəndaş yetişdirməkdir. Məhz buna görə də ümumtəhsil müəssisələrində tarix fənninin tədrisində şagirdlərdə akmeoloji bacarıqların formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.