ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan ədəbi dilinin tarixi kontekstində prof. Nizami Xudiyevin rolu

Say: Cild 2, № 1 (3), 2024 Səhifələr: 141–145 Dil: Azərbaycan

Xülasə

Görkəmli dilçi alim, türkoloq, əməkdar elm xadimi, ictimai-siyasi xadim, onlarla kitabların müəllifi, pedaqoq, professor Nizami Xudiyevin həyat yolu çox zəngin olmuşdur. Prof. N.Xudiyevin elmi yaradıcılığı çoxşahəli, istiqamətli, mövzu dairəsi baxımından olduqca geniş və əhatəli olmuşdur. O, xeyli sayda sanballı əsərlərin müəllifi olmuşdur. Müəllifi olduğu əsərlərin böyük əksəriyyəti ədəbi dilimizin aktual tədqiqinə həsr olunmuşdur. Müəllif “Azərbaycan ədəbi dili tarixi” adlı fundamental əsərində çox məsuliyyətli və böyük zəhmət tələb edən məsələlərin linqivistik həllinə girişmiş, zəngin canlı dil faktlarına söykənərək nəzəri ümumləşdirmələr aparmış, Azərbaycan ədəbi dilinin tarixini ümumtürk kontekstində araşdırmışdır. Prof. N.Xudiyevin elmi yaradıcılığının şah damarı sayılan bu əsərində Azərbaycan ədəbi dilinin tarixi, müxtəlif dövrlər, mərhələlər üzrə araşdırılmışdır. Onun ədəbi dilimizin tarixi sahəsində yazdığı tədqiqatların dəyəri haqqında M.Şirəliyev, A.Axundov, T.Hacıyev, R.Məhərrəmova, Z.Budaqova, V.Əliyev, M.Qasımov, S.Sadıqova və başqaları yüksək fikirlər söyləmiş, araşdırmanın elmi-tədrisi əhəmiyyətini düzgün müəyyənləşdirməyə çalışmışlar.