ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

M. Kaşğarlının “Divanü Lüğat-İt Türk” Əsərində Arxaik Apelyativli Bəydili Və Çəpni Etnotoponimləri

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 93–99 Dil: Azərbaycan UOT: 811

Xülasə

Etnonimlər öz qədimliyini qoruyub saxlayan onomastik vahidlər hesab olunur. M.Kaşğarlının “Divanü luğat-it-türk” əsərində qeydə alınan toponimlər türk qəbilə və tayfalarının tarixi etnogenezi haqqında məlumatlarla zəngindir. Mahmud Kaşğarlının “Divanü luğat-it-türk” əsərində adı keçən 22 oğuz boyundan biri də bəydili etnonimidir. Mənbələrdə bəydili tayfasının oğuzların bir qolu olan bozoklar olduğu bildirilir. Müxtəlif fonetik variantlarda adı keçən Begteli//begtili//beydilli//bəydili etnosu Azərbaycan və Anadolu türklərinin, eləcə də İraq və Suriya türkmənlərinin etnogenezində iştirak etmişdir. Bəydili etnonimi tarixən bəg//bəy+tili komponentlərindən formalaşmışdır. Bu söz türk xalqlarında qədim dövrlərdə titul kimi işlənmişdir. M.Kaşğarlı bəydili sözünün leksik-semantik izahını verərkən bu sözün “ulu, hörmətli adamların sözü, dili”, “böyüklər kimi əziz” anlamında, F.Rəşidəddin isə yalnız “böyüklər kimi əziz” mənalarında işləndiyini bildirmişdir. Mahmud Kaşğarlının “Divan”da adını qeyd etdiyi 22 oğuz boyundan biri çəpni etnonimidir. O, bu etnonimin çəbən//çapakı//çibni//çəpni fonetik variantlarda işləndiyini bildirmişdir. M.Kaşğarlı çəpni etnoniminin çəp+ni komponentlərindən yarandığını və bu leksemin “çəp gəlmək, işi çəp düşmək”, “dolaşıq” mənalarında işləndiyini qeyd etmişdir. Çəpni etnoniminin etimologiyası haqda müxtəlif mülahizələr mövcuddur. Rəşidəddin isə çəpni boyunun mənasını “harda yağı görsək dərhal savaşaq” kimi izah etmişdir. Əbülqazi Bahadır xan bu sözün etimalogiyasını izah edərkən “varlıların varlısı” kimi, Ə.Rüstəmov isə “dalaşqanlıq”, “çəpləşmək” kimi mənalandırmağa çalışmışdır.