ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin əsas perspektivlərinin tarixi əhəmiyyəti

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 185–189 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/185-189

Xülasə

Azərbaycan və Türkiyə arasındakı münasibətlər ortaq tarix, dil, din və mədəni dəyərlərə əsaslanaraq formalaşmış, zaman keçdikcə strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu əlaqələrin təməlində “bir millət, iki dövlət” prinsipi dayanır və bu prinsip iki qardaş ölkənin bütün sahələrdə əməkdaşlığını daha da gücləndirir. Tarixi baxımdan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Osmanlı dövlətinin göstərdiyi siyasi və hərbi dəstək münasibətlərin inkişafında mühüm rol oynamışdır. Sovet hakimiyyəti illərində əlaqələr müəyyən məhdudiyyətlərlə üzləşsə də, ortaq milli və mənəvi bağlar qorunub saxlanılmışdır. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra isə münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmuş, bunun ardınca diplomatik əlaqələr qurulmuş və müxtəlif sahələri əhatə edən çoxsaylı müqavilələr imzalanmışdır. Siyasi, iqtisadi və hərbi əməkdaşlıqla yanaşı, enerji və nəqliyyat layihələri də iki ölkənin tərəfdaşlığını möhkəmləndirmişdir. Eyni zamanda təhsil, elm, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən birgə proqramlar xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə xidmət etmişdir. Ortaq tarixi irsin qorunması və türk dünyasının inteqrasiyasına verilən töhfələr də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Nəticə olaraq, Azərbaycan–Türkiyə münasibətləri regionda sabitlik, təhlükəsizlik və inkişafın vacib amillərindən biri hesab olunur. Qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni uğurlarla zənginləşəcəyi gözlənilir.