ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Zəngəzurun tarixi-coğrafi formalaşması və etno-mədəni xüsusiyyətləri

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 190–196 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/190-196

Xülasə

Təqdim olunan məqalədə Azərbaycanın qədim və strateji bölgələrindən biri olan Zəngəzurun tarixi keçmişi, etimologiyası və sosial-iqtisadi həyatı tədqiq edilir. Müəllif “Zəngəzur” toponiminin mənşəyini qədim Zəngi tayfaları ilə əlaqələndirərək, bölgənin türk mənşəli köklərini elmi faktlarla əsaslandırır. Mətndə Zəngəzurun arxeoloji abidələri, təbii sərvətləri (xüsusilə mis yataqları və mineral suları) və XIX əsrə qədər olan demoqrafik tərkibi arxiv sənədləri əsasında təhlil olunur. Zəngəzur tarixinin qədimliyi həm də arxeoloji qazıntılar, aşkar edilən maddi sübutlarla da öz təsdiqini tapır. Azərbaycan ərazisini “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil etdirən Azıx mağarasına yaxın ərazidə yerləşməsi, şimaldan Xocalı – Gədəbəy, şərqdən Quruçay və Köndələnçay, qərbdən Naxçıvan, cənubdan Arazın sağsahil ərazilərindəki zəngin mədəniyyət ocaqları ilə əhatələnməsi Zəngəzurun qədim tarixi keçmişə malik olduğunu söyləməyə əsas verir. Ərazidə xeyli sayda təbii və süni mağaralarda (yerli sakinlər onları «kaha», bəzən isə «daran» adlandırır) paleolit dövründən insanlar yaşamışdır. Bu bölgənin Arazdan sonra ən iri su qaynaqları olan Bərgüşad və Həkərinin axdığı vadilərdə və dağətəyi ərazilərdə bir-birinə yaxın məsafədə yerləşən bu 12 mağara qədim insan məskənləri olmuş, həm də zərdüştlüyün izlərini saxlamış, xalq tərəfindən müqəddəs ziyarətgah sayılmışdılar. Məs; Qubadlıdakı “İçoğuz”, “Daşoğuz”, “Ağ kaha”, “Qara kaha”, Xırman yeri», “Maltəpəsi”, “Göyqala”, “Qalaça”, Gavur dərəsindəki mağara, təbii qalalarda aparılmış arxeoloji tədqiqatlarda aşkara çıxarılan tapıntılar eynilə Xocalı - Gədəbəy mədəniyyəti üçün səciyyəvidir. Araşdırma nəticəsində Zəngəzurun qədim dövrlərdən bəri Azərbaycanın ayrılmaz tarixi-coğrafi parçası olduğu və bölgədəki xristian abidələrinin saxtalaşdırılması cəhdləri ifşa edilir.