ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Müasir mərhələdə türk dünyasının inteqrasiyası

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 177–184 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/177-184

Xülasə

Postsovet məkanında baş verən geosiyasi transformasiyalar nəticəsində türk dövlətlərinin müstəqillik əldə etməsi regionda tamamilə yeni əməkdaşlıq modelinin formalaşmasına zəmin yaratdı. Bu prosesdə Türkiyənin təşəbbüskar mövqeyi xüsusi əhəmiyyət kəsb etdi və ortaq tarixi köklər, dil yaxınlığı və mədəni bağlılıq siyasi dialoqun genişlənməsi üçün real imkanlara çevrildi. İlk mərhələdə münasibətlər daha çox simvolik xarakter daşıyır, dövlət başçıları səviyyəsində keçirilən görüşlər qarşılıqlı etimadın formalaşmasına xidmət edirdi. Lakin zaman keçdikcə bu əlaqələr daha praktik müstəviyə keçərək iqtisadi əməkdaşlıq, enerji siyasəti və nəqliyyat- kommunikasiya layihələri ilə zənginləşdi. 1990-cı illərin əvvəllərindən etibarən keçirilən zirvə görüşləri Türk dövlətləri arasında ortaq mövqelərin müəyyənləşdirilməsində mühüm rol oynadı. Bu görüşlər təkcə siyasi jest deyil, həm də gələcək inteqrasiyanın əsas istiqamətlərini müəyyən edən platforma kimi çıxış etdi. 2000-ci illərin sonlarına doğru isə əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Xüsusilə 2009-cu ildən sonra yaradılan institusional mexanizmlər əlaqələrin sistemli və davamlı şəkildə inkişafına təkan verdi. Bu strukturlar çərçivəsində qəbul olunan qərarlar dövlətlər arasında koordinasiyanı gücləndirdi və ortaq layihələrin həyata keçirilməsini asanlaşdırdı. Bununla yanaşı, inteqrasiya prosesinin bütün iştirakçılar üçün eyni templə irəliləməməsi müəyyən çətinliklər yaratdı. Bəzi dövlətlərin fərqli xarici siyasət prioritetləri, iqtisadi maraqları və geosiyasi mövqeləri əməkdaşlığın dərinliyinə təsir göstərdi. Ayrı-ayrı hallarda bu fərqliliklər inteqrasiya prosesinin sürətini zəiflətmiş olsa da, ümumi dinamika müsbət istiqamətdə qorunub saxlanıldı. 1992-2025-ci illər ərzində baş verən proseslərin təhlili göstərir ki, türk dövlətləri arasında inteqrasiya mərhələli və çoxşaxəli xarakter daşıyır. Bu müddət ərzində həm əsas faktorların, həm də prosesdə qeyri-müntəzəm iştirak edən tərəflərin mövqeləri ümumi inkişaf trayektoriyasına təsir göstərmişdir. Nəticə etibarilə, bu inteqrasiya yalnız regional əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş geosiyasi kontekstdə öz əhəmiyyətini artırmaqda davam edir və gələcək üçün yeni imkanlar formalaşdırır.