ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycanda Novruz bayramı, astronomik bahar, yaz və Yeni il keçirilməsinin tarixi kökləri, mərasimləri və qanunları

Say: Cild 3, № 1 (6), 2025 Səhifələr: 140–146 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/1/140-146

Xülasə

Azərbaycan, dünyanın qədim ölkələrindən biri olaraq həm zəngin maddi resursları, həm də milli mədəniyyəti ilə tanınır. Dövlətçilik tarixində Azərbaycan bir çox fərqli dinlərin yaranış mərkəzi olub. Bu dinlərə Zərdüştlük, Tanrıçılıq, Xristianlıq və İslam daxildir. Astrologiya və astronomiya Azərbaycanda qədim dövrlərdə geniş inkişaf etmişdir. Qədim türk tayfaları göy cisimlərini müşahidə edərək ilk astronomik bilikləri əldə etmişlər. Zərdüştlük Azərbaycanda, xüsusilə qədim Manna, Midiya, və Atropatena ərazilərində yaranmışdır. Zərdüştlük dini Günəşə və digər səyyarələrə ibadət etməyə əsaslanırdı. Strabon və digər tarixçilər Azərbaycanda bu ibadətgahların çoxluğundan bəhs etmişlər. Bu ibadətgahların xüsusi günlərdə ziyarət edilməsi və müəyyən rənglərə sahib olması, göy cisimlərinin hərəkətinə əsaslanırdı. Zərdüşt dövründə göydəki ulduzlara sitayiş edilməsi adi hal idi və bu həmin dövrün mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrilmişdi. Zərdüştlük dininin əsas məqsədi, insanları pisliyə qarşı mübarizə aparmağa və haqlı həyat sürməyə təşviq etmək idi. Zərdüştün əsas fikirləri “Haqq fikir, haqq söz və haqq əməl” üzərində cəmlənirdi. Zərdüşt həmçinin öz təlimində insanların bir-birinə hörmət etməsini və əkinçiliyi inkişaf etdirmələrini tövsiyə edirdi. Onun təlimləri sonradan “Avesta” adlı müqəddəs kitabda toplanmışdır. Novruz bayramı Zərdüştlük dininin əsas bayramlarından biridir. Bu bayramın ən qədim formaları qədim Manna və Midiya dövrlərinə aiddir. Novruz bayramı təbiətin oyanışı və yeni ilin başlanğıcı kimi qəbul olunur. Bu bayramda təmizlik, ailəvi birliyə və bolluğa vurğu edilir. Zərdüştlük dövründə müxtəlif bayramlar mövcud idi ki, bunlar arasında qadınlar bayramı, taxıl yığılma və mal-qaranın dağdan enməsi bayramı da var idi. Novruz bayramının mərasimləri və adətləri bu günə qədər müxtəlif formalarla davam edir. Zərdüştçülük və Novruz bayramı Azərbaycanın mədəni və dini irsinin mühüm tərkib hissəsidir. Bu bayramın qeyd edilməsi və onun adət-ənənələrinin qorunması, Azərbaycanın çox qədim tarix və mədəniyyətindəki əhəmiyyətini göstərir.