Bəxtiyar Vahabzadənin insan və həyat konsepsiyası söz aynasında
Xülasə
Bəxtiyar Vahabzadə istər vətəni Azərbaycanda, istərsə də daha geniş aləmdə - Türk Dünyasının çağdaş ədəbi-bədii, ictimai-siyasi həyatında şəxsiyyət olaraq tanınmışdır. O, ədəbiyyatımıza vətəndaş ruhuna çökən, onu özünə bağlayan milli istiqamətdə gərəkli, aparıcı gücə malik dəyərli təmayüllər daxil edə bilmişdi. Aydın olur ki, həqiqi sənətkar gözəl bədii zövqün inkişafında, zahirən çox sadə görünən, həqiqətdə isə dərin bir məna ifadə edən bədii sözün qüdrətini duymaq hissini tam mənası ilə yüksəltməyə kömək etməlidir. Əlbəttə, başqa ədəbi növlərə nisbətən söz şeirdə daha çox bədiilik tələb edir və bu mənada poeziya dili xüsusi obrazlılığa, ifadəliliyə malik olur. Şair poeziyada uzun illər mövcud olan və bərkiyən sözlərdən, eyni zamanda ritorik pafosdan uzaqlaşmaqla təbii poetik hadisə və detallara üstünlük verməklə, hətta vəsf və tərənnümdənsə obrazlı düşüncə vəziyyətlərinə keçidlərlə buna nail olur. Onun istifadə etdiyi dil vahidləri obrazların səciyyələndirilməsi, təhkiyə üsulunun cazibəsi, təsvir edilən hadisələrin reallığı üçün çox böyük əhəmiyyətə malikdir. Fəlsəfi-bədii qabıq içində toplanan mənaların ifadəçisi sözlər artıq çoxdan xalqın dilində hikmətli sözlər səciyyəsində istifadə olunmaqda və üstün dil-nitq elementləri kimi bədii dil xəzinəmizi zənginləşdirməkdədir. Bu mənada bədiiliyə, obrazlılığa xidmət edəcək bir kəlməni, fikrin sərrast ifadəsinə şərait yaradan hər hansı bir deyimi, uğurlu sözü, yerinə düşən sözü belə bədii tapıntılar adlandırmaqda haqlıyıq. Bədii tapıntılar isə həyatı öyrənmənin, dərin müşahidənin nəticəsində əldə edilir. Bəxtiyar Vahabzadə milli keçmişimizə, milli-mənəvi aləmə, tariximizə, doğma Vətənə, dilimizə, mədəniyyətimizə qırılmaz bağlarla bağlı olub və bu dəyərləri yaradıcılığında təbliğ etməklə bənzərsiz və rəngarəng yaradıcı fəaliyyət örnəkləri miras qoymuşdur. Biz bu məqaləmizdə Vahabzadənin dili – üslubu barədə danışmağı qərarlaşdırmışıq. Çünki onun dili fenomendir, çoxpilləli bir nəhəng sistemdir, düşünməli, mübahisə etməli, çox yazılmalı nəhəng tədqiqat sahəsidir.