ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Məhəmməd Füzulinin poetik dili

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 110–122 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/110-122

Xülasə

Bəxtiyar Vahabzadə XX əsr Azərbaycan ədəbiyyatının ən böyük söz ustalarından biri kimi milli poeziyamızda xüsusi yer tutur. Onun yaradıcılığı milli- mənəvi dəyərlərimizin, ana dilimizin və xalq ruhunun poeziyada parlaq ifadəsi olmaqla, dilimizin inkişafında mühüm rol oynamışdır. Şairin poeziyası mövzu və ideya baxımından olduqca zəngin olmaqla yanaşı, həm də bədii-estetik baxımdan yüksək səviyyədədir. Bəxtiyar Vahabzadə ana dili, vətən sevgisi, milli kimlik, azadlıq və ədalət kimi ali idealları daim poeziyasının mərkəzinə gətirərək bu mövzulara həm bədii, həm də ictimai-siyasi müstəvidə yanaşmışdır. Xalq şairinin ana dilinə münasibəti onun yaradıcılığında xüsusi yer tutur. “Ana dili”, “Latın dili” şeirlərində, poemalarında o, dil məsələsini sadəcə poetik hisslərlə deyil, həm də fəlsəfi və ideoloji baxış bucağından təhlil edir. Sovet dövründə ana dilinin sıxışdırılması, rus dilinin üstün tutulması və dilimizə laqeyd münasibət şairin yaradıcılığında dərin narahatlıqla əks olunur. O, dilə etinasızlıq göstərən insanları kəskin tənqid edir və dilin xalqın ruhu, kimliyi və yaddaşı olduğunu vurğulayır. Bəxtiyar Vahabzadə ana dilini xalqın qüruru kimi təqdim edir və onu qorumağı hər bir azərbaycanlının vətəndaşlıq borcu kimi dəyərləndirir. Bəxtiyar Vahabzadənin poeziyasında xalq danışıq dili ilə ədəbi dilin harmoniyası, sadə və yığcam ifadə vasitələri, lirik duyğuların fəlsəfi düşüncə ilə birləşməsi onun poetik üslubunun əsas xüsusiyyətlərini təşkil edir. O, klassik və müasir ədəbi ənənələri ustalıqla sintez edərək, dilin sadəliyindən yararlanmaqla dərin mənalı və təsirli poeziya nümunələri yaratmışdır. Xalq dilindən gələn obrazlı ifadələr, bayatı və muğam poetikası onun şeirlərinə xalq ruhunu və təbiiliyini qatmışdır. Cənubi Azərbaycanla bağlı yazdığı əsərlərdə, xüsusilə “Gülüstan” poemasında və digər şeirlərində isə şair iki yerə parçalanmış xalqın faciəsini, Cənubda dilin yasaqlanmasını və milli kimliyin sıxışdırılmasını böyük ağrı ilə ifadə edir. O, dilin sadəcə bir ünsiyyət vasitəsi olmadığını, eyni zamanda bir xalqın milli varlığının əsas dayağı olduğunu dönə-dönə vurğulayır. Şairin dil və millət məsələlərinə yanaşması Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 110-122 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 110-122 e-ISSN: 3005-4982 111 yalnız poeziyada deyil, publisistik yazılarında və ictimai çıxışlarında da öz əksini tapır. Parlament çıxışlarında və publisistik fəaliyyətində də o, ana dilinin qorunmasını dövlət səviyyəsində məsuliyyət kimi dəyərləndirmiş, bu məsələyə bütün xalqın cəlb edilməsinin vacibliyini bildirmişdir. Bəxtiyar Vahabzadə yalnız söz sənətkarı deyil, həm də milli düşüncənin, ana dilinin və xalq ruhunun yorulmaz müdafiəçisi olmuşdur. Onun zəngin irsi bu gün də gənc nəslin mənəvi tərbiyəsində və dilə sevgi ruhunda yetişməsində əvəzsiz rol oynayır.