ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Birinci Türkoloji Qurultayın Repressiyaya Uğramış Nümayəndələri

Say: Cild 4, № 2 (10), 2026 Səhifələr: 88–95 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/10/88-95

Xülasə

1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqları arasında elmi, mədəni və dil birliyinin formalaşmasında mühüm tarixi mərhələ olmuşdur. Qurultay XIX əsrin sonlarından etibarən türk xalqları arasında baş qaldıran maarifçilik hərəkatının məntiqi davamı, eyni zamanda ümumtürk intellektual düşüncəsinin zirvə məqamı kimi dəyərləndirilir. “Birinci Ümumittifaq Türkoloji Qurultay” adı altında təşkil edilsə də, iştirakçıların mənsub olduqları dövlətlərin coğrafiyası və etnik müxtəlifliyi bu qurultaya beynəlxalq elmi səciyyə qazandırmışdır. Qurultay türk xalqlarının ortaq mədəniyyətinin və dil sistemlərinin elmi əsasda öyrənilməsi, eləcə də ortaq əlifba və terminologiya məsələlərinin müzakirəsi baxımından mühüm elmi hadisə olmuşdur. Lakin sovet ideoloji siyasətinin sərtləşməsi nəticəsində bu qurultayın bir çox görkəmli iştirakçıları - o cümlədən Ruhulla Axundov, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Osman Akçokraklı, Cəlaləddin Qorxmazov, Salman Mümtaz, Əhməd Baytursunov və başqaları repressiyalara məruz qalmış, bəziləri güllələnmiş, digərləri isə uzun illər sürgün həyatı yaşamışdır. Bu fakt yalnız fərdi talelərin faciəsi deyil, həm də türkologiya elminin inkişafına vurulan ağır zərbə idi. Qurultay iştirakçılarının ideyaları sonrakı onilliklərdə türk xalqlarının milli oyanışında, dil islahatlarında və mədəni özünüdərkin formalaşmasında dərin iz buraxmışdır. Onların elmi fəaliyyəti və milli mövqeləri sovet repressiya ideologiyasına qarşı intellektual müqavimət nümunəsi kimi tarixə düşmüşdür.