Xalid Səid Xocayev və Türkoloji irsimizin tədqiqində xidmətləri
Xülasə
Azərbaycanın görkəmli türkoloqlarından biri olan Xalid Səid Xocayev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın əsas iştirakçılarından olmuş, Türkologiya elminin əsas təməl qoyucularından biri kimi tanınmışdır. Xocayevin həyatı, elmi fəaliyyəti və xüsusilə “Divanu Lüğat- it-Türk” əsərinin Azərbaycan dilinə tərcüməsindəki mühüm rolu əvəzolunmazdır. Xalid Səid Xocayevin tərcümə etdiyi Mahmud Kaşğarlının “Divanü-lüğat-it Türk” əsəri bir neçə cəhətdən əhəmiyyətlidir. Bu əsər Azərbaycanda və Türk dünyasında latın qrafikalı əlifba ilə yazılmış ilk tərcümədir. Məqalədə onun Birinci Türkoloji Qurultaydakı iştirakı və ümumilikdə Azərbaycan dilçiliyinə töhfələri araşdırılır və öyrənilir. Xocayevin fəaliyyəti türkoloji tədqiqatlarda mühüm yer tutur. Onun tərcümə və şərhləri türk dillərinin öyrənilməsi və dil tarixi baxımından mühüm əhəmiyyətə malikdir. Məqalədə onun elmi mirası, sovet dövründəki çətinlikləri və repressiyaya məruz qalması da qeyd olunur. Burada 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda iştirak etmiş azərbaycanlı türkoloq Xalid Səid Xocayevin rolu və fəaliyyəti araşdırılır. Qurultayın məqsədləri, əsas mövzuları və Xocayevin bu elmi toplantıya verdiyi töhfələr işıqlandırılır. Məqalədə həmçinin Qurultayın türkologiya tarixi üçün əhəmiyyəti də vurğulanır. Birinci Türkoloji Qurultay, Azərbaycan ziyalılarının türk dünyasında tutduğu yerin göstəricisi kimi qiymətləndirilmiş, Xalid Səid Xocayev və digər nümayəndələrin fəaliyyəti həm elmi, həm də ideoloji cəhətdən mühüm nəticələr vermişdir. Qurultayda ana dilinin inkişafı, türk dillərinin ortaq xüsusiyyətləri və terminoloji məsələlər müzakirə olunmuş, Xocayev də bu müzakirələrdə öz elmi mövqeyi ilə çıxış etmişdir. Onun Qurultayda iştirak etməsi, dövrün ən aparıcı türkoloqları ilə fikir mübadiləsi aparması onu həm də bir türk dünyası mütəfəkkiri kimi səciyyələndirir. Xocayevin çıxışı Qurultay iştirakçıları tərəfindən müsbət qarşılanmış, klassik mətnlərin müasir türkologiyada istifadəsi ideyası böyük maraq doğurmuşdur.