I Türkoloji Qurultayda Vəli Xuluflu, Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin fəaliyyəti
Xülasə
XX əsr türk xalqları üçün həm siyasi, həm də mədəni baxımdan böyük dəyişikliklərlə yadda qalan bir dövr olmuşdur. Artıq bu dövrdə türk xalqları uzun müddət istifadə etdikləri ərəb qrafikalı əlifbanın onların dilinə və yazı sisteminə uyğun gəlmədiyini, çətinlik yaratdığını görürdülər. 1926-cı ildə Bakı şəhərində keçirilən I Türkoloji Qurultayda əlifba, türk dillərinin müqayisəli şəkildə öyrənilməsi, dialektlərin araşdırılması və ümumtürk əlaqələrin qurulması məsələləri müzakirə olunmuşdur. I Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan və digər regionlardan nümayəndələr iştirak etmiş və əsas müzakirə predmeti ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçid olmuşdur. I Türkoloji Qurultayda əlifba ilə bağlı problemlər, dilin sadə formaya salınması və maarif sisteminin yaxşılaşdırılması mövzuları müzakirə olunmuşdur. Məqalədə Azərbaycan ziyalılarından Vəli Xuluflu, Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin çıxışlarının qurultay üçün əhəmiyyəti və nəticəsi izah olunmuşdur. Onlar çıxışlarında latın əlifbasının öyrənilməsinin sadəliyini, xalqın maariflənməsində rolunu və ümumtürk mədəni əlaqələrini möhkəmləndirəcəyini elmi arqumentlərlə əsaslandırmışlar. Vəli Xuluflu qurultayda daha çox elmi-praktik yanaşma sərgiləmişdir. O, yeni əlifbanın qəbulu nəticəsində təhsilin keyfiyyətinin artacağına və savadsızlığın azalmasına şərait yaradacağını bildirmişdir. Hüseyn Cavidin çıxışlarında ümumtürk mədəni birliyin möhkəmləndirilməsi ideyası xüsusi yer tutur. Cəlil Məmmədquluzadə isə ərəb qrafikasının savadsızlığı artırdığını, elmdən uzaqlaşdırdığını bildirərək fonetik və sadə yazı prinsipini müdafiə etmişdir. Onların mövqeləri təkcə o dövr üçün deyil, sonrakı illərdə Azərbaycan dil siyasətinin inkişafı üçün də böyük əhəmiyyət kəsb etmişdir. Təəssüf ki, qurultaydan bir neçə il sonra siyasi repressiyalar bu prosesə ciddi zərbə vurmuş və bir çox iştirakçılar təqib olunmuşdur. I Türkoloji Qurultay türk xalqlarının gələcək milli birliyinin formalaşdırılmasında mühüm mərhələ olmuş və burada irəli sürülən ideyalar zamanın siyasi təzyiqlərinə baxmayaraq yaşamaqda davam etmişdir.