Budapeşt universitetinin məzunu Bəkir Çobanzadənin magistrlik dissertasiyasının taleyi haqqında
Xülasə
Krım-tatarlarının türk dünyasına bəxş etdiyi, Azərbaycan türkologiyasının görkəmli dilçi alimi Bəkir Çobanzadə ictimai-siyasi xadim kimi fəaliyyət göstərmiş, özündən sonra zəngin və çoxcəhətli nəzəri- filoloji irs qoymuş, pedaqoji fəaliyyət göstərmiş, Krım universitetinin rektoru, Azərbaycanda yeni Əlifba Komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin olunmuş, müxtəlif illərdə BDU-nun şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində, daha sonra isə ADPİ-nin filologiya fakültəsində dekan, Dilçilik kafedrasında müdir vəzifəsində işləmiş, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Onun elmi rəhbərliyi ilə Ə.Dəmirçizadə, M.Şirəliyev kimi görkəmli alimlər nəsli yetişmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuş, Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir. Bəkir Çobanzadənin gəncliyinin mühüm bir mərhələsi Budapeşt unuversitetində təhsil aldığı illərə təsadüf edir. Məqalə tanınmış türkoloq alim, professor Bəkir Çobanzadənin 1919-cu ildə Budapeşt universitetini bitirərkən elmlər doktoru adı almaq üçün təqdim etdiyi dissertasiyanın taleyinə həsr olunub. İndiyə qədər bu mövzuda tədqiqat aparmış müəlliflərin əsərləri müqayisəli şəkildə araşdırılmış, mətni hələ də aşkara çıxarılmayan əsərin dəqiq adı, məzmunu, əsaslandığı elmi-tarixi qaynaqlar, Krım tatarlarının dil və mədəniyyəti ilə əlaqəsi kimi məsələlər nəzərdən keçirilir. Eyni zamanda Bəkir Çobanzadənin həyat və fəaliyyətinin Budapeşt dövrü ilə bağlı mübahisəli məsələlərə yeni mənbələr, fakt və sənədlər əsasında aydınlıq gətirməyə təşəbbüs göstərilir.