Birinci Türkoloji qurultayın çuvaş-azərbaycanlı nümayəndəsi – N. İ. Aşmarin
Xülasə
1926-cı ildə I Türkoloji qurultay keçirilən zaman çuvaş əsilli görkəmli türkoloq-alim, professor N.İ.Aşmarin (1870-1933) Bakıda idi. Artıq üç ilə yaxın idi ki, Bakı universitetində çalışırdı. Tədris prosesi ilə bir sırada həmin dövrdə ölkəmizin ilk elmi-tədqiqat mərkəzi olan Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində yaxından iştirak edir, Azərbaycan dilinin dialektlərini araşdırır, lüğətlər üzərində işləyirdi. N.İ.Aşmarin keçmiş Sovet İttifaqının görkəmli elm və siyasət xadimləri ilə birlikdə Türkoloji qurultayın Təşkilat Komitəsinin tərkibinə daxil idi. Qurultayın açılış günü, fevralın 27-də elmi forumun “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri” mövzusunda keçirilən 5-ci iclasında “Türkologiyanın keçmişi və indiki vəziyyəti haqda bəzi qeydlər” adlı məruzə ilə çıxış etmişdi. Aşmarin məruzəsində Rusiyada türkologiyanın yaranması tarixinə qısa nəzər salmağa çalışmışdı. Əslində məruzənin rusca adı (“Koye-çto o proşlom tyurkoloqii i yeye nastoyaşem sostoyanii”) onun məzmun və mündəricəsini daha dəqiq əks etdirirdi. Çox ehtimal ki, əlinin altında kifayət qədər mənbə və material olmadığı üçün Aşmarin XIX əsr Rusiya türkologiyası haqda sadəcə “nə isə bir şeylər” danışmışdı. Həmin vaxta qədər o böyük elmi məktəb keçmişdi. Lazarev Şərq Dilləri İnstitutunda təhsil almış, bir sıra Şərq dillərinə yiyələnmişdi. Ümumiyyətlə, poliqlot kimi tanınırdı. Tələbəlik illərində “Çuvaş dilinin qrammatikası”nı yazmışdı. “Bulqarlar və çuvaşlar” (1902) əsərində isə Volqaboyunun iki qədim türk xalqı bulqarlarla çuvaşlar arasında dil və etnik varislik əlaqələrini elmi-dəlillərlə sübuta yetirmişdi. Elmi yaradıcılığının zirvəsi 17 cildlik “Çuvaş dilinin sözlüyü” (1910-1950) lüğətidir. 1923-1926-cı illərdə Bakı Universitetində çalışan alim Azərbaycan filologiya elminə də ciddi töhfələr vermişdi. Onun fəal iştirakı ilə ilk cildi 1930-cı ildə çıxan çoxcildli “Azərbaycan dilinin sözlüyü” üzərində iş başlanmışdı. 1926-cı ildə isə Aşmarin dialektologiya sahəsindəki axtarışlarının nəticəsi kimi Azərbaycan dilinin Şəki dialektinə dair indiyə qədər elmi əhəmiyyətini itirməyən “Nuxa şəhəri türk xalq şivələrinə ümumi bir nəzər” adlı kitabını çap etdirmişdi. 1929-cu ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilən N.İ.Aşmarinin elmi irsi akademiklər V.V.Bartold, V.A.Qordlevski, F.E. Korş, V.F.Miller, B.Munkaçi, prof. Z.V.Toğan və b. tərəfindən yüksək qiymətləndirilmişdi.