Cənubi Qafqazda tarixi-coğrafi terminologiyanın formalaşması və Azərbaycanın siyasi tarixində təzahürləri
Xülasə
Ərminiyə tarixi-coğrafi adının Azərbaycan tarixində yeri olduqca mühümdür. Orta əsrlərdə Ərminiyə coğrafi məkan kimi islam səyyahları və coğrafiyaşünasları tərəfindən geniş şəkildə təsvir edilmişdir. Ərəb fütuhatından sonra tətbiq olunan yeni inzibati-ərazi bölgüsünə əsasən, Cənubi Qafqazda işğal olunan ərazilər və Şərqi Anadolunun bəzi torpaqları ərəb hakimiyyətinə daxil edilərək, “Ərminiyə” adı altında birləşdirilmişdi. Ərminiyə (Armeniya) coğrafi adının müasir ermənilərlə birbaşa əlaqəsinin olmadığı elmi ədəbiyyatlarla əsaslandırılmışdır. Ərəb xəlifələrinin təyin etdiyi valilər dövründə Ərminiyədə bəzən üsyanlar baş vermiş, bəzən isə sabitlik dövrlərində əhalinin rifahına yönəlmiş tədbirlər həyata keçirilmişdir. Ərminiyə həm islam idarəçilik sistemində mühüm inzibati-coğrafi vahid olmuş, həm də regionda baş verən siyasi və etnik proseslərin formalaşmasına təsir göstərmişdir. Mərkəzdənqaçma meyllərinin güclənməsi nəticəsində bu ərazilərdə müstəqil dövlətlər meydana gəlmişdir. Bu dövrdə meydana gələn müstəqil dövlətlər arasında Şirvanşahlar və Sacilər xüsusi əhəmiyyətə malik olmuşdur. IX əsrin ikinci yarısında formalaşan bu dövlətlər regionun siyasi inkişafına və idarəçilik ənənələrinin yaranmasına mühüm təsir göstərmişdir. Şirvanşahlar dövləti ərəb işğalından sonra Azərbaycan ərazisində yaranan ilk müstəqil dövlət hesab olunur. Həmçinin islam ideologiyası əsasında formalaşmış ilk siyasi qurum kimi də Azərbaycan tarixində mühüm yer tutur. Sacilər dövləti isə tarixi Azərbaycan torpaqlarını ilk dəfə vahid siyasi hakimiyyət altında birləşdirmişdir. Hər iki dövlət regionun siyasi sabitliyinin təmin edilməsində və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamışdır.