Mesopotamiya və Qədim Misirdə dini inanclar
Xülasə
Məqalədə Mesopotamiya və Qədim Misir sivilizasiyalarında təşəkkül tapmış dini inanc sistemlərinin sosial, siyasi və mədəni vəzifələri qarşılıqlı müqayisə müstəvisində araşdırılır. Tədqiqat ortaya qoyur ki, qədim Şərq cəmiyyətlərində din sırf fərdi etiqad çərçivəsi ilə məhdudlaşmamış, eyni zamanda dövlət idarəçiliyinin, hüquqi məşruiyyətin və ictimai nizamın aparıcı institusional sütunlarından birini təşkil etmişdir. Mesopotamiya inanc modeli politeist təməllər üzərində qurulmuş, Anu, Enlil, Enki, Şamaş və İştar kimi tanrılar vasitəsilə kosmik tarazlıq, bərəkət, ədalət və hökmranlıq məfhumları rəmzi formada təcəssüm tapmışdır. Məbədlər və zikkuratlar yalnız ibadət ocağı kimi deyil, h əm də iqtisadi və inzibati mərkəzlər qismində fəaliyyət göstərmiş, kahin zümrəsi isə dini nüfuzla yanaşı siyasi və elmi hakimiyyəti də öz əlində cəmləşdirən imtiyazlı təbəqəyə çevrilmişdir. Qədim Misirdə Ra, Osiris, İsis, Horus və Anubis kimi tanrılar həm kainatın ahəngini, həm də cəmiyyətdaxili münasibətlərin qaydasını ifadə etmişdir. Axirət təsəvvürü, mumiyalama mərasimi və “Ölülər kitabı” Misir dini dünyagörüşünün dayaq nöqtələri kimi çıxış etmiş, fironun ilahi mənşəyi isə siyasi hakimiyyətə müqəddəslik donu geyindirmişdir. Tədqiqatda diqqətə çatdırılır ki, hər iki sivilizasiyada dini inanclar təkcə metafizik təsəvvürlər toplusu olmamış, eyni zamanda hüquq, memarlıq, elm, mədəniyyət və kollektiv kimliyin formalaşmasına yön verən mürəkkəb ictimai mexanizm rolunu oynamışdır. Bu inanc sistemlərinin təsiri sonrakı dövrlərdə Yaxın Şərq və dünya mədəniyyətlərində, xüsusən monoteist dinlərin yaranma prosesində silinməz iz buraxmışdır.