Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu kontekstində
Xülasə
Azərbaycan dilinin inkişafına dövlət səviyyəsində ilk qayğı Şah İsmayıl Xətai dövründə göstərilmiş, 1918–1920-ci illərdə – Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olduğu dövrdə bu qayğı yenidən bərpa olunsa da, Cümhuriyyətin ömrü uzun olmadığından dil haqqında tədbirlər də milli əsaslarla davam etdirilə bilməmişdir. Azərbaycan dilinə yüksək səviyyədə dövlət qayğısı 1969-cu ildən – Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunduğu dövrdən başlayır. Müstəqillik illərində Azərbaycan dilinin tədris, tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin tədqiqinin genişləndirilməsi, həmçinin bu işə nəzarətin gücləndirilməsi məqsədilə bir neçə tarixi fərman və sərəncam imzalanmışdır. Bu fərman və sərəncamlar Heydər Əliyevin 1969-cu ildən başlayaraq milli dil ilə əlaqədar həyata keçirdiyi böyük tədbirlərin qanunauyğun davamıdır. Dövlətin müstəqillik dövründə dil siyasətinin ikinci mərhələsi 2003-cü ildən bu günə qədər olan dövrü əhatə edir. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə Azərbaycan dilinin tədrisi və tətbiqinin genişləndirilməsi yeni mərhələyə daxil olmuşdur. Azərbaycan dilinin tədrisi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bu dövrün əsas özəlliklərindəndir. Prezident İlham Əliyevin bu sahədəki siyasəti bütövlükdə 1993-cü ildən sonra yürüdülən dil siyasətinin ayrılmaz tərkib hissəsi və yüksək mərhələdə məntiqi davamıdır.