I Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni inteqrasiyası və türkologiyanın inkişafında rolu
Xülasə
1926-cı ilin 26 fevral – 6 mart tarixləri arasında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türkdilli xalqların mədəni, dil və elmi inteqrasiyasının formalaşmasında həlledici mərhələ olmuşdur. Qurultayda türk dillərinin inkişafı ilə bağlı yeddi əsas istiqamət - əlifba islahatı, orfoqrafiya, terminologiya, tədris metodikası, dillərarası qarşılıqlı təsir, ədəbi dil və ulu dil nəzəriyyəsi elmi müstəvidə müzakirə edilmişdir. Qurultay latın qrafikasına keçid, vahid terminoloji sistemin yaradılması və dilin tədris metodlarının müasirləşdirilməsi kimi mühüm qərarları qəbul etmişdir. Bu qərarlar türkologiya elminin metodoloji əsaslarının formalaşması üçün təməl yaratmış və Azərbaycanın türkologiyanın elmi mərkəzlərindən biri kimi rolunu möhkəmləndirmişdir. Bu gün həmin Qurultay türk dünyasının intellektual və mədəni birliyinin formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilir. Bakı şəhərinin Qurultayın keçirilmə məkanı kimi seçilməsinin qanunauyğun olmasının səbəbini Azərbaycanın türkologiya elminin inkişafında aparıcı rol oynadığı göstərilir. Azərbaycanda fəaliyyət göstərən alimlər və ziyalıların türkoloji araşdırmalarda istiqamətverici qüvvə kimi fəaliyyəti və göstərdikləri təşəbbüslər danılmazdır.