İslam dünyasında musiqinin müalicəvi əhəmiyyəti
Xülasə
İslamın təkcə bir din deyil, həm də bir mədəniyyət və elm olduğu bütün dünyada məlumdur. İslam bəşəriyyətə elm və incəsənət sahələrində mühüm nailiyyətlər qazandırıb. İslam dünyaya məşhur alimlər, maarifçilər və mütəfəkkirlər bəxş edib. Əl-Kindi, Əl-Fərabi və İbn Sina İslamın böyük alimlərindən idilər. Yaxın Şərq xalqlarının musiqi mədəniyyətinin nəzəri və praktiki inkişaf tarixində əsas yeri iki dünya şöhrətli Azərbaycan alimi, Səfiəddin Urməvi və Əbdülqadir Məraği tutub. Yuxarıda adı çəkilən alimlərin kəşfləri arasında qədim dövrün musiqisindən qaynaqlanan tibbi müalicə üsulları da var. Bu tarixi kəşf elmi cəhətdən sübut olunub və alimlər qədim dövrlərdən bəri musiqi ilə tibb arasındakı əlaqə haqqında onlarla, yüzlərlə məqalə, tədqiqat və risalələr yazıblar. Bu alimlər, xüsusən də musiqini və musiqinin müalicəvi əhəmiyyətini öyrənməklə elmə böyük töhfələr veriblər. Bu tədqiqatlarda alimlər musiqinin insan sağlamlığı, fiziki rifah və yaxşı əhval-ruhiyyə üçün nə qədər vacib amil olduğunu vurğulayıblar. Beləliklə, əsrlər boyu muğam sənəti başda olmaqla musiqidən bir çox xəstəliklərin müalicəsində istifadəyə, eləcə də rübab, ud, dütar, tambur, ney, çəng və qanun kimi bir sıra qədim Şərq musiqi alətlərində ifaya böyük üstünlük verilib. Bu baxımdan hazırkı məqalə İslam dünyasının elmə təsirini və bəxş etdiyi töhfələrini tədqiq etməyə həsr olunub. Məqalədə əsas diqqət ona yönəldilir ki, bu əhəmiyyətli töhfələrdən biri məhz musiqi sahəsində özünü göstərmişdir. Odur ki, hazırkı tədqiqatda musiqi sənəti və İslam dünyasında musiqinin xüsusiyyətləri geniş bir şəkildə araşdırılıb. Məqalənin əsas məqsədi İslam dünyasında musiqinin müalicəvi əhəmiyyətini tədqiq etməkdir.