Xəlil Rza poeziyası musiqidə
Xülasə
Təqdim olunmuş məqalə XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan vətənpərvər xalq şairi, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Xəlil Rza Ulutürkün (1932-1994) poeziyasının musiqidə təzahürünə həsr olunub. Öz yaradıcılığında türkçülük və azərbaycançılıq ideyası kimi böyük ictimai əhəmiyyətə malik mövzuları təcəssüm etdirən şairin poetik mətninə bəstələnmiş musiqi əsərləri Azərbaycan musiqişünaslıq elmində yetərincə araşdırılmamışdır. Buradan irəli gələrək hazırkı məqalədə şairin poeziyasına həsr olunan musiqi əsərləri, ilk növbədə bəstəkar Gülnarə Məmmədovanın “Ulutürk” oratoriyası kamali qaydada nəzərdən keçirilir. Tədqiqat göstərir ki, bəstəkar xor və simfonik orkestr üçün yazılmış bu irihəcmli oratoriyanın klassik təfsirini yaradaraq Xəlil Rza poeziyasının bütün mətləblərini tam mənada ifadə etmişdir. Hazırkı məqalədə mövzu ilə əlaqədar olaraq XX əsrin digər görkəmli bəstəkarlarının oratoriya yaradıcılığında vətənpərvərlik məsələsinə də nəzər yetirilir. Tədqiqatın əsas məqsədi isə Xəlil Rza poeziyası əsasında Gülnarə Məmmədovanın “Ulutürk” oratoriyasında musiqi dilinin səciyyəvi xüsusiyyətlərini aşkara çıxarmaqdan ibarətdir. Bəstəkarın yaradıcılığında irihəcmli əsər olan oratoriyanın musiqili-dramaturji və bədii obrazlar aləmini meydana çıxarmaq məqsədi qarşıya qoyulub. Bu səbəbdən müasir Azərbaycan musiqi mədəniyyətində oratoriya janrının hazırkı mərhələdə bəzi xüsusiyyətlərinin araşdırılması, bəstəkar əsərlərinin təhlili əsas məqamlardan birini təşkil edir. Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda yazılan oratoriyaları XX-XXI əsrin Azərbaycan musiqi tarixində diqqəti cəlb edən janrdır. Odur ki, məqalədə oratoriya janrı haqqında həm ümumi məlumat verilir, həm də bəstəkarlarımızın müxtəlif əsərlərində vətənpərvərlik, türkçülük məsələlərinə nəzər yetirilir. Bu janra bariz nümunə olaraq Gülnarə Məmmədovanın “Ulutürk” oratoriyasının təhlilini yerinə yetirməklə bu əsərin XX-XXI əsr Azərbaycan oratoriyaları sırasında yeri və rolu müəyyənləşdirilir.