ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 2 / Ədəbiyyatşünaslıq

Mahmud Kaşğarlının “Divan”ında işlədilmiş atalar sözü və məsəllərin ideya-məzmun xüsusiyyətləri

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 160–167 Dil: Azərbaycan UOT: 398

Xülasə

Əski türk yazılı abidələrində, bitik və oğuznamələrdə, M.Kaşğarlının “Divani lüğət-it-türk” əsəri kimi zəngin mənəvi məxəzlərdə saysız türk atalar sözü və məsəlləri toplanmışdır. Böyük türk ensiklopedist alimi M.Kaşğarlı (XI əsr) xilafət çevrəsində yaşayan insanlar, ərəb dilində yazıb yaradan, danışan ziyalılar, dövlət xadimləri üçün tərtib etdiyi türkologiya elmi üçün çox qiymətli izahlı lüğətdə doqquz mindən artıq türk sözünün şərh və izahını vermişdir. Verdiyi sözləri açarkən müqayisə metodundan istifadə edən alim ifadələrin işləndiyi yüzlərlə atalar sözü və məsəllərin bədii imkanlarından yararlanmışdır. “Divani lüğət-it- türk” əsərinin ən ümdə məqsədi ərəbcə bilən, bu dildə danışan və yazan bütün İslam dünyasına türk dilini mənimsətmək, bu dilin özəllik və gözəllikləri, bədii imkanları ilə oxucuları tanış etmək olmuşdur. “Divan” sadəcə bir lüğət və ya filoloji bir araşdırma deyil, o həm də zəngin bədii topludur. Əsər türk xalqlarının dil və ədəbiyyat materiallarını içərisinə almaqla bərabər, qədim və orta çağ türk xalqlarının bütün milli-mənəvi dəyərlərini – tarixini, mədəniyyətini, folklorunu, etnoqrafiyasını, turan ellərinin geniş coğrafiyasını, siyasi- iqtisadi görüşlərini, sosial münasibətlərini ehtiva edən ensiklopedik xarakterli bilgi külliyatıdır. Orada etnosun mifoloji və epik düşüncə faktları, əxlaqi-didaktik deyim üslubunda əsrlərin sınağından çıxararaq formalaşmış atalar sözləri və zərbi məsəllər, habelə qədim türk poetik nümunələri də cəm edilmişdir. Təqdim olunan məqalədə “Divan”da cəmlənmiş türk xalq kəlamları ideya məzmun baxımından, müasir versiyaları ilə müqayisəli şəkildə təhlil edilmişdir.