Ortaq Vətən anlayışında torpaq kultu və Balkan türklərinin poetik yaddaşı: XX əsr bolqar poeziyası və Azərbaycan ədəbi-nəzəri fikri kontekstində müqayisəli tədqiqat
Xülasə
Məqalədə Balkan coğrafiyasında formalaşmış türk-müsəlman etnosunun poetik yaddaşında "ortaq Vətən" anlayışının semantik çalarları və bədii təzahür formaları araşdırılır. Nəzəri əsas kimi müqayisəli ədəbiyyatşünaslıq, mifopoetika və yaddaş tədqiqatları (kollektiv/mədəni yaddaş) yanaşmaları götürülmüş, mədəni transfer prizmasında motiv–obraz sirkulyasiyası şərh edilmişdir. Korpus olaraq Yelisaveta Baqryananın seçmə şeirləri, Bolqarıstan türkü şair-jurnalist Arzu Tahirovanın mətnləri və Azərbaycan romantik poeziyasında Balkan mövzusunun izləri (Əhməd Cavad, Abbas Səhhət, Abdulla Şaiq) təhlil edilmişdir. "Dəftər ədəbiyyatı" fenomeninin kimliyin gizli arxivi kimi institutlaşması ayrıca göstərilmişdir. Nəticə etibarilə "ortaq Vətən" siyasi-coğrafi kateqoriyadan çıxaraq etik–estetik–yaddaş platforması kimi müəyyənləşir; qadın lirik subyektin azadlıq estetikası (Yelisaveta Baqryana) və kimlik inadkarlığı (Arzu Tahirova) bu platformanı dərinləşdirir. Araşdırmada Bolqarıstan şairi Yelisaveta Baqryananın, Bolqarıstan türkü Arzu Tahirovanın şeirlərində vətən, müharibə, qadın azadlığı ilə bağlı işlənmiş bütün elementlərin mifopoetik xarakter daşıması, və onların öz kökləri etibarilə "Vətən" və "Müharibə" obrazlarının — torpaq/vətən mifologemi, "qadın azadlığı" isə mənəvi-ruh potensialı ilə vəhdət təşkil etdiyi müəyyənləşdirilmişdir. Ortaq vətənə olan sevginin əsasında əcdad kultunun elementlərinin varlığı tutarlı faktlarla sübut olunmuşdur. Müəllif təhlildə bu mövzuda elmi fikirlər yürütmüş Azərbaycan, Türk, Rus alimlərinin (C.Bəydili, S.Rzasoy, Y.Q.Rubinovic) dəyərli fikirlərinə istinad etmiş, onlardan bəhrələnmiş, müəyyən sitatlar gətirmişdir. Eyni zamanda o, mifokritik tədqiqatları ilə türk ədəbi-nəzəri fikrinə dəyərli töhvələr vermiş folklorşünas-alim professor Seyfəddin Rzasoyun: 1. "Vətən" mifoloji xronotopun kosmosu təşkil edən hissəsidir" və 2. "Vətən" mifoloji dünya modelində "biz" və "bizim dünya" anlayışlarının məkanı strukturunu təşkil edir" — konsepsiyalarını əsas götürərək apardığı araşdırmanı bu istiqamətə yönəltmişdir. Məqalədə hər iki qadın şairin poeziyasında "Vətən" mifologeminin bu xüsusiyyətləri özündə cəmləşdirdiyi göstərilir. Vətən konsepti şairlərin qavrayış sistemlərindəki doğma dünyanın məkan struktur obrazı kimi qiymətləndirilir və nəticə etibarilə onların poetik dünya modellərindəki yeri müəyyənləşdirilir.