ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 4, № 3 / Ədəbiyyatşünaslıq

Oljas Süleymenovun poetik sistemində səs təkrirləri

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 95–105 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/95-105

Xülasə

Oljas Süleymenovun poetik nitqində səs təkrirlərini araşdırarkən görünür ki, səs təkrirləri (alliterasiya, assonans, səs yazısı) formayaradıcı funksiya yerinə yetirməklə, səsləri obrazlı mənalara çevirməkdə mühüm rol oynayır. Bu da öz növbəsində səsli sözü şair üçün mühüm bir vasitəyə çevirir. Məqalədə O.Süleymenov yaradıcılığında səs təşkilini tədqiq edərkən xüsusi olaraq səs təkrirlərini alliterasiya və assonansın funksional yükü istiqamətinə yönəltməklə tədqiq edilir. Eyni zamanda təhlillər aparıldıqca bu problemin – səs yazısının formal ifadəlilik kontekstindən poetikanın məzmun elementinə necə keçdiyinə də diqqət yetirilir. Sübut olunur ki, şairin poetik nümunələrində şeirin səs quruluşu, məzmunu, mədəni-tarixi obrazların vahid məna və melodik məkanını birləşdirən mühüm alətə çevrilir. O.Süleymenovun nəinki poetik nitqində, həm də onun digər çoxsaylı təfəkkür məhsullarında qazax xalqının, eyni zamanda türk xalqlarının mentallığı özünü daha görümlü nümayiş etdirir. Çünki Oljas bir qazax olaraq özünün bədii- poetik obrazlarını, sözlərə və səslərə yüklədiyi məna simvollarını qazax, türk daha geniş mənada slavyan, qıpçaq, dünya xalqları və mədəniyyətləri ilə bir arada götürür. Odur ki, onun belə yanaşmasında türk, qıpçaq, qazax ənənələri ilə rus mədəniyyəti konteksti üstün mövqedə dayanır. Təhlillər davam etdikcə görünür ki, O.Süleymenovun əsərlərindəki səs təkrirləri nəinki onun mətnlərinə üslubi bər- bəzək gətirir, həm də mif və folklor yaradıcılığının mühüm elementinə çevrilir. Alliterasiya və assonanslar bu nümunələrdə, xüsusən onun “Gil kitab”, “Yazının dili” və b. bu kimi tarixi-etimoloji əsərlərində həm də haradasa mistik ritmin iştirakı effektini yaradır. Oljas Süleymenov ədəbi və mədəni fenomen olmaqla nəinki qazax, həm də dünya mədəniyyəti tarixinə nəzərəçarpacaq təsir göstərmişdir. Bu böyük yaradıcı şəxsiyyət əsərlərini rus dilində qələmə alsa da, o, onlardan hər birində köçərilərin dərin milli mental kimliyini özünün triumfal vətəndaş lirikası və stereotip düşüncə hədlərini dağıdan kulturoloji araşdırmaları ilə daim diqqət mərkəzində olmuşdur. Onun müxtəlif dövlərdə qələmə aldığı “Yer, insana əyil”, “Az i Ya”, “Yazının dili”, “Arqamaklar”, “Tanrının təbəssümü”, “Kəsişən paralellər”, “Tarixəqədərki türklər” və s. kimi əsərləri nəinki bədii- poetik düşüncənin, həm də epik, etnoqrafik, etnoloji baxış və yanaşmalar stereotiplərini qırıb, keçmişə, həyata, varlığa yeni praqmatik yanaşma ifadə etməkdədir. Oljasın poetik dili həm həlim, həm üsyankar, həm də çoxsaylı assosiativ rənglərlə zəngindir. Eyni zamanda O.Süleymenov poeziyasında səs təkrirləri yeni bir ecazkar aləm yaradır. Bütün bu məqamları nəzərə alaraq, böyük sənətkarın yaradıcılığında səs təkrirləri problemini təhlil mərkəzinə gətirmək zəruri hesab edilir.