ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 4, № 3 / Ədəbiyyatşünaslıq

Səməd Vurğun şeiri proletkultçuluq mərhələsində (Əks idealların çarpışması kontekstində)

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 65–86 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/65-86

Xülasə

Məqalədə S.Vurğun şeirinin təkamül yolunun obyektiv mənzərəsini yaratmaq üçün tarixilik prinsipinə istinad vacib şərt kimi irəli sürülür. Göstərilir ki, tarixilik prinsipinə istinad şairin yaradıcılığında bir neçə mərhələni fərqləndirməyə əsas verir. Məqalədə 1928-31-ci illər S. Vurğun şeirinin ikinci mərhələsi kimi fərqləndirilir. Bu mərhələdə şairin istedadının xarakterindən və ədəbi ənənədən gələn romantik sənət yolundan uzaqlaşmaq məcburiyyətində qalması məsələsi qoyulur. Şairin siyasi rejimin estetik düşüncəyə aktiv və zorakı müdaxiləsi qarşısında dövrün tələblərinə uyğun siyasi məzmunlu şeirlər yazmaq yoluna düşdüyü göstərilir. Şair dialektik materializm “metod”unda şeirlər yazaraq yaradıcılığını proletar ədəbiyyatı müstəvisinə keçirmək istəyir. Məqalədə şairin proletarlaşmaq istəyindən irəli gələrək yaradıcılığında yer alan siyasi-ideoloji mövzuların estetik həllində ciddi problemlərlə qarşılaşması məsələsi qoyulur. Bu tip şeirlərdə sənətkarlığın aşağı səviyyədə olmasının, yüksək poetik səviyyəyə qaldırıla bilməməsinin səbəbləri onların həqiqi yaşantının yox, ancaq fikir məhsulu olması ilə izah edilir. Göstərilir ki, proletkultçuluq illərində S.Vurğun şeirində əks idealların çarpışması özünü açıq biruzə verir. Göstərilir ki, fitri istedadının romantik təbiəti və ənənəyə bağlılığı şairi daha çox milli tarixi mövzulara tərəf çəkir. Bir çox hallarda şairin şeirə içindən gələn yaşantılarla gəldiyi, lakin dövrün psixoloji təzyiqləri qarşısında mövzunun bədii həllini zamanın siyasətinə tabe tutması əsas tendensiya kimi fərqləndirilir. Bu halın S.Vurğun şeirinə sənətkarlıq baxımından itgilər hesabına başa gəlməsi üzərində dayanılır. Məqalədə S.Vurğun şeirində özünü göstərən bu “ikiləşmə”də tənqidin oynadığı roldan da təfsilatlı söz açılır. Xüsusi vürğulanır ki, bütün gücü ilə proletarlaşmaq istəyən şairin ədəbi qanunların, fitri təbiətinin və sənətkar istedadının xarakterindən doğan müqavimətlə üzləşməsi və buna görə də tam mənası ilə proletarlaşa bilməməsi yaradıcılığının sonrakı mərhələlərində onun sənət yolunun milliləşməsində həlledici amil rolunu oynayır.