Qəbələ şivələrinin lüğət tərkibində tarixi dövrlərin izləri
Xülasə
Hər hansı bir dil onu yaradan xalqın tarixi ilə sıx surətdə əlaqədardır. Məhz buna görə də dildə, onun lüğət tərkibində bu və ya digər xalqın tarixini , yadellilərə qarşı mübarizəsini, adət və ənənələrini, məişət tərzini və s. əks etdirən yüzlərcə söz vardır. Bu cəhətdən dialekt və şivələr daha zəngin materiala malikdir; çünki dialekt və şivələrdə qədim dövrlərin izləri, arxaik sözlər ədəbi dilə nisbətən uzun zaman qorunub saxlanır. Digər tərəfdən dialekt leksikası başqa dillərin təsirinə az məruz qalır, öz “saflığını”, demək olar ki, mühafizə edib saxlaya bilir. Buna görədir ki, canlı danışıq dilini, dialekt və şivələrimizin leksikasını öyrənmək, buradakı sözlərin etimologiyasını müəyyənləşdirmək, toponimik adları tədqiq etmək, qədim dövrlərin qalıqlarını meydana çıxarmaq mühüm məsələlərdən biridir. Qəbələ şivələrinin özünəməxsus səciyyəvi fonetik və morfoloji xüsusiyyətləri olduğu kimi zəngin və rəngarəng lüğət tərkibi də vardır. Qəbələ şivələrində işlənən sözlərin bir qismi böyük sahədə yayılmışdır; başqa bir qismi isə nisbətən kiçik ərazini əhatə edir. Elə sözlərə də təsadüf edilir ki, onlar ancaq tək-tək kəndlərdə işlənir. Lakin məsələ sözün nə qədər sahəni əhatə etməsində deyildir. Bir leksik vahid kimi bunların hamısı əhəmiyyətlidir.