Qəbələnin tarixinə dair bəzi yeni mülahizələr
Xülasə
2500 ildən artıq yaşı olan və 800 ildən artıq bir müddətdə qədim Azərbaycan dövləti Albaniyanın baş şəhəri - paytaxtı olmuş Qəbələ şəhərinin qalıqlarının harada olduğu XX əsrin əvvəllərinədək elm aləminə belə bəlli deyildi. 1926-cı ildən başlanan və bu gün də uğurla davam etdirilməkdə olan genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində Qəbələ tarxinin bir çox qaranlıq səhifələrinə işıq salındı. Amma bununla belə Qəbələ tarixinin müxtəlif aspektləri ilə bağlı hələ də bır sıra sual doğuran məqamlar qalmaqdadır. Məsələn, eramızın əvvəllərində şəhər niyə yerini dəyişib? Paytaxt Qəbələdən Bərdəyə niyə köçürülüb? Qəbələnin dövrümüzə qədər gəlib çatmış qala divarları və bürcləri nə vaxt inşa edilib? XVIII əsrdə orada şəhər həyatı niyə sönüb? “Qəbələ” toponiminin etimoloji izahı barədə daha nə demək olar və s. Hansı ki, təqdim olunan məqalədə bütün bunlar barədə müəllifin mülahizələri öz əksini tapıb.