ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Üzeyir Hacıbəylinin “Koroğlu” operasında sonata formasının klassik təfsirinə bir nəzər

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 69–81 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/69-81

Xülasə

Təqdim olunmuş məqalə Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəylinin “Koroğlu” operasında böyük sənətkarlıqla nümayiş etdirdiyi sonata formasının klassik təfsirinin tədqiqinə həsr olunub. Azərbaycan musiqişünaslıq elmində yetəri dərəcədə araşdırılmayan bu problem bəstəkarın bədii kəşflərindən biridir. Buradan irəli gələrək hazırkı məqalədə Azərbaycan opera sənətinin bütün nailiyyətlərini özündə cəmləşdirən və onu yüksək zirvəyə qaldıran “Koroğlu” operasının sonata formasında yazılmış beş əsas səhnəsi (Uvertüra, I pərdədən xalqın xoru, Həsən xan və onun dəstəsi, III pərdəyə Antrakt, “Çənlibel” xoru) geniş nəzərdən keçirilir. Tədqiqat göstərir ki, milli musiqinin (muğam, mahnı, rəqs) incəliklərinə dərindən bələd olan Ü.Hacıbəyli özünün “Koroğlu” operasında iri həcmli simfonik epizodlar və kütləvi xor səhnələrində sonatalılıq prinsiplərinin klassik təfsirini yaradaraq sonata formasının bütün tələblərini tam mənada yerinə yetirmişdir. Odur ki, bu nümunələrdə sonata formasının əsas tərkib hissələri öz əksini tapıb. Vyana klassiklərinin (Y.Haydn, V.Motsart, L.Bethoven) yaradıcılığında ciddi kompozisiya normaları kimi dəqiq müəyyənləşmiş və uzun tarixi inkişaf yolu keçmiş klassik sonata formasına əsaslanan Ü.Hacıbəyli yaratdığı sonata nümunələrində aramsız və gərgin inkişafa, mövzular arasındakı təzadın kəskinləşməsinə, inkişaf prosesində musiqi mövzularının bir-birinə yaxınlaşması və ümumiləşməsinə xüsusi əhəmiyyət vermişdir. “Koroğlu” operasında sonata formasının əsas bölmələri (ekspozisiya, işlənmə, repriza) klassik janra müvafiq qurulmuşdur: ekspozisiyada əsas mövzu əsas tonallıqda şərh olunub, bağlayıcı mövzu köməkçi mövzunu hazırlayır, tamamlayıcı mövzu yekun xarakterli yeni mövzudan təşkil olunub, işlənmədə ekspozisiyadakı mövzular inkişaf etdirilir, bir çox tonallıqlar bir-birini əvəz edir, reprizada ekspozisiyanın mövzuları yenidən şərh olunur, lakin əsas və köməkçi mövzular artıq eyni (əsas) tonallıqda səslənir. Hacıbəyli yaratdığı sonata formalarına müqəddimə və koda (ümumi tamamlayıcı hissə) kimi əlavə bölmələr də daxil edir. Bəstəkar klassik Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 8 / 69-81 ISSN : 3005-3137 Mahmud Kashgarli International Scientific Journal. 2025 / Volume: 3 Issue: 8 / 69-81 e-ISSN: 3005-4982 70 sonata formasının normativ planını əsas götürərək onun inkişaf mərhələlərində dəyişikliyə məruz qalmış iki və daha artıq mövzuların qarşılaşdırılması prinsipini başlıca əlamət olaraq saxlamışdır. Tədqiqat göstərir ki, sonata formasının milli nümunələrini yaradaraq bəstəkar “Çənlibel” xorunun ekspozisiya hissəsində, Uvertüranın giriş və əsas mövzularında, III pərdəyə Antraktda “Şur” ladının kvarta- kvinta quruluşuna əsaslanmışdır. Beləliklə, Ü.Hacıbəylinin “Koroğlu” operasındakı sonata formaları bu janrın müxtəlif həlli yollarını nümayiş etdirir. “Çənlibel” xoru - mahnı-kuplet zəminində yetişmiş işlənməsiz sonata formasıdırsa, Antrakt daha çox epik-muğam tipli sonata növünə aiddir. Operaya əzəmətli Üvertüra isə milli muğam üsullarını özündə ehtiva edən təzadlı simfonizm prinsiplərinə əsaslanır.