ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Üzeyir Hacıbəylinin musiqi-nəzəri görüşlərinin müasir musiqişünaslıq kontekstində tədqiqi: akademik Zemfira Səfərovanın elmi araşdırmalarında

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 82–97 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/82-97

Xülasə

Azərbaycanın dahi sənətkarı Üzeyir Hacıbəyli bütün ömrünü xalqının mədəniyyətinin, musiqisinin, təhsilinin, elminin inkişafına həsr edib, Azərbaycan musiqi tarixində neçə-neçə janrların, yaradıcı kollektivlərin, qurumların, müasir Azərbaycan musiqişünaslığının əsasını qoyub, ölməz əsərləri ilə dünya musiqi xəzinəsini zənginləşdirib. Bu parlaq tarixi şəxsiyyətin həyat və yaradıcılığı uzun illərdir ki, tədqiq və təhlil edilir. Onun zəngin yaradıcılığının müxtəlif sahələri, ictimai fəaliyyəti, pedaqoji təcrübəsi, elmi-nəzəri irsi çoxlu sayda monoqrafiyaların, elmi-tədqiqat işlərinin yaranmasına əsas olub. Q.Qasımov, X.Ağayeva, E.Abasova, Z.Səfərova, İ.Abezqauz, Z.Qafarova və digər Azərbaycan musiqişünasları bəstəkarın milli musiqi klassikamızın inciləri olan əsərlərini müxtəlif tarixi-nəzəri problemlər nöqteyi-nəzərindən araşdırıblar, kitablar, məqalələr nəşr etdiriblər. Lakin bununla belə Üzeyirbəy irsi, Üzeyirbəy şəxsiyyəti özünün yeni tədqiqatlarını, yeni təhlillərini, yeni araşdırıcılarını gözləməkdədir. Bu baxımdan görkəmli üzeyirşünas-alim akademik Z.Səfərovanın Üzeyir Hacıbəyli ilə bağlı elmi tədqiqatları və bu sahədə apardığı geniş elmi-təşkilati fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Ü.Hacıbəylinin musiqi və elmi irsi daim Z.Səfərovanın diqqət mərkəzində olub, müxtəlif baxış bucaqlarından əsaslı tədqiq edilib. Alim Ü.Hacıbəyli irsinin tədqiqinə həsr etdiyi janr və üslubuna görə seçilən sanballı əsərləri ilə üzeyirşünaslığa əvəzedilməz dəyərli töhfələrini bəxş edib. Bu məqalədə alimin Ü.Hacıbəyliyə həsr edilən “Музыкально- эстетические взгляды Узеира Гаджибекова” (“Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri”) adlı ilk monoqrafiyasında yer alan musiqi-nəzəri problemlər təhlil hədəfi olaraq götürülüb. “Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri” monoqrafiyasının əsas əhəmiyyəti və dəyəri ondadır ki, tədqiqatçı böyük bəstəkarı bilavasitə mütəfəkkir alim kimi təqdim edərək, onun musiqi tarixi və nəzəriyyəsinə, ictimai-siyasi həyata, mədəni hadisələrə həsr edilən məqalələrini, felyetonlarını, məruzə və çıxışlarını, Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 8 / 82-97 ISSN : 3005-3137 Mahmud Kashgarli International Scientific Journal. 2025 / Volume: 3 Issue: 8 / 82-97 e-ISSN: 3005-4982 83 məşhur “Azərbaycan xalq musiqisinin əsasları” fundamental tədqiqatını, zəngin nəzəri və musiqi irsini qoyulan nəzəri-estetik problemlər baxımından diqqətlə araşdırıb, təhlil edib, bəstəkarın musiqi-estetik və nəzəri görüşləri haqqında bütöv bir təsəvvür yaradıb. O, əsərdə doğru olaraq göstərib ki, Ü.Hacıbəyli öz vəzifəsini dövrünün müasir baxışlı təfəkkürə malik qabaqcıl sənətkarı kimi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşdırmayıb, həm də dövrünün ictimai-mədəni həyatında, elmi-yaradıcı prosesdə fəal iştirak edib, öz tədqiqatları ilə Azərbaycan musiqisinin yeni dövrdə müasir inkişaf yollarını təyin edib. “Azərbaycan xalq musiqisinin əsasları” tədqiqatında Ü.Hacıbəylinin elmi konsepsiyasının kamilliyi, estetik baxışlarının dərinliyi qabarıq şəkildə öz ifadəsini tapıb. Sənətkarın böyük dəyər kəsb edən fikir və müddəaları Z.Səfərova tərəfindən “Üzeyir Hacıbəyovun musiqi-estetik görüşləri” əsərində sistemli şəkildə təhlil və tədqiq edilib.