ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan poetik dilində işlənən köməkçi nitq hissələrinin digər türk dillərinə qarşılıqlı inteqrasiyası

Say: Cild 2, № 3 (5), 2024 Səhifələr: 28–35 Dil: Azərbaycan UOT: 811.512.162

Xülasə

Məqalədə Azərbaycan poetik dilində köməkçi nitq hissələrinin keçdiyi inkişaf yolu türk dilləri ilə müqayisəli şəkildə araşdırılmışdır. Göstərilir ki, bədii dildə də sözlər arasında əlaqə yaratmaq baxımından bu söz qruplarının çox böyük rolu var. Tarixən türk dillərində olduğu kimi poetik dilimizin də qədim dövrlərindən başlayaraq köməkçi nitq hissələri burada fikrin daha təsirli və emosional ifadəsinə kömək edən vasitə kimi işlənmiş, bədii dil inkişaf etdikcə onların da işlənmə tezliyi çoxalmışdır. İlk nümunələrdə nisbətən az işlənən köməkçi nitq hissələri müasir poetik nümunələrdə geniş şəkildə işlənməkdədir. Bu da orta əsrlərdə türk dillərində köməkçi nitq hissələrinin mövqeyinin nisbətən zəifliyi ilə izah oluna bilər. Tədqiqat göstərir ki, köməkçi nitq hissələrinin qohum dillərdə, o cümlədən poetik dilin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif variantları mövcud olmuş, müasir dövrümüzdə isə onların bir qismi dildən çıxmış və köməkçi nitq hissələri milliləşərək müasir ədəbi dilimizdəki şəkli ilə poetik dilimizdə də sabitləşmişdir. Burada ilə//ilən, bəri//bərü qoşmaları, vəlakin, vəli, leyk, gər, əgərçi, zira, ki//kim bağlayıcıları, ha, axı//axır, dəxi, əcəba, hərgiz ədatları, əvvəla, saniyən, salisən, rabiən modal sözlərinin poetik dildə işlənmə dövrü və intensivliyi bədii nümunələr əsasında tədqiq olunmuş, onların digər türk dillərində işlənən variantları müəyyən edilmişdir. Köməkçi nitq hissələri fikrin düzgün və obrazlı ifadəsində, hiss və duyğuların qarşıdakına daha dəqiq çatdırılmasında müstəsna rola malikdir. Bu baxımdan özünün emosional və ekspressiv xarakteri ilə adi danışıqdan fərqlənən poetik dildə onların işlənməsi bədii əsəri dil baxımından zəngnləşdirir.