ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Məhəmməd Füzulinin poetik dili

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 160–169 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/160-169

Xülasə

Məqalədə klassik Azərbaycan ədəbiyyatının zirvəsi sayılan Məhəmməd Füzulinin poeziyasının dil xüsusiyyətləri araşdırılmışdır. Burada göstərilir ki, Füzuli öz əsərlərinin mövzusu, ideyası, sənətkarlıq xüsusiyyətləri ilə olduğu qədər dil xüsusiyyətləri ilə də təkrarolunmazdır. Füzuli dilinin özünəməxsusluğu dilin bütün səviyyələrində çox qabarıqdır. Füzuli ustad bir sənətkar kimi böyük məharətlə dilin səs sisteminin imkanlarından uğurla yararlanır, fonetik üslubi fiqurlardan istifadə də əsl söz xiridarı kimi çıxış edir. Onun dili üçün xarakterik olan incələşmə hadisəsi həm də şairin əsərlərinin poetik gücünün artırılmasına xidmət edən bir vasitədir. Bu zaman şair dilimizin incəliyini, ahəngdarlığını bu yolla daha çox öz oxucusunun diqqətinə çatdırmağa müvəffəq olur. Füzuli öz dilində alliterasiya, assonans, səs artımı, səs düşümü və digər fonetik üslubi vasitələrdən şeirin həm forma, həm də məzmun mükəmməlliyinə nail olmaq üçün böyük ustalıqla istifadə edib. Onun əsərləri həm də öz dövründə dilimizin fonetik quruluşunu tam şəkildə əks etdirən qiymətli və zəngin mənbədir. Füzuli yaradıcılığı morfoloji cəhətdən də özünəməxsusdur. Araşdırma göstərir ki, müasir dilimizdən fərqli olaraq qıl, ol, eylə, durur köməkçi feillərinin iştirakı ilə yaranan təvəccəh qıl, rəğbət qıl, olubdurur, qalıbdurur kimi tərkibi feillər Füzulinin dili üçün xarakterikdir. Həmçinin müasir ədəbi dilimiz üçün arxaik sayılan baxa qaldı, edə gördü kimi feillərin tez-tez işlənməsi bunu deməyə əsas verir ki, Füzuli dövründə mürəkkəb feillərin bu forması işlək olmuşdur. O həm əsas, həm də köməkçi nitq hissələrindən uğurla istifadə edərək öz dövrünün aydın dil mənzərəsini yaradır. Onun əsərlərində leyk, vəli, kibi, ğeyri, xah, əgərçe, ğaliba kimi müasir dilimizdə işlənməyən, yaxud fonetik dəyişikliyə uğrayan köməkçi nitq hissələrinin fəallığı diqqəti cəlb edir. Həmçinin onun dilindəki arxaik sözlər, qədim türk sözləri dilimizin tarixini öyrənmək baxımından olduqca maraqlıdır. Füzulinin dilində rast gəldiyimiz iyo, yaşınmaq, giryəmək, gözətmək, dirilik kimi arxaik leksik vahidlər müasir dilimizdə işləkliyini itirsə də, xalq danışıq dilində hələ də istifadə olunur. Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 8 / 160-169 ISSN : 3005-3137 Mahmud Kashgarli International Scientific Journal. 2025 / Volume: 3 Issue: 8 / 160-169 e-ISSN: 3005-4982 161 Füzulinin əsərlərinin dil xüsusiyyətlərini araşdırarkən belə bir nəticəyə gəlmək olur ki, o, təkcə mövzu və ideya baxımından deyil, həm də dil və üslub xüsusiyyətləri baxımından mükəmməl nümunələr yaratmağa müvəffəq olmuşdur. Məhz bu cür yüksək sənətkarlıq xüsusiyyətlərinə malik əsərlər sayəsində Füzulu türk və dünya ədəbiyyatının zirvəsinə yüksələ bildi. O, türk xalqlarının ədəbiyyatına çox güclü təsir göstərmiş, uzun əsrlər onun davamçıları bu ənənəni davam etdirmiş, Füzuli təsiri ilə yazıb-yaratmışlar.