Azərbaycan və Türk dili uşaq folklorunda fonetik transkripsiyanın bədii üslubi imkanları
Xülasə
Türkologiyada, o cümlədən Azərbaycan filologiyasında janr və həcmdən asılı olmayaraq şifahi xalq ədəbiyyatının poetik nümunələrinin dilçiliklə tədqiqi obraz və bədii obraz yaradıcılığının əsası kimi önə çəkilmişdir. Bu prosesdə eyni adət-ənənələrə, dilə, tarixə malik türk türkləri ilə Azərbaycan xalqının yaratdığı folklor nümunələrinin, o cümlədən layla və nəğmələrin müqayisəli təhlili məsələsi diqqət mərkəzində olmalıdır. Fonetik transkripsiyanın işlənməsi baxımından türk laylaları ilə Azərbaycan laylaları bir sıra dil elementlərinə görə oxşar olsa da, həm də fərqli, özünəməxsus cəhətlərə malikdir. Bu dil elementləri bu folklor nümunələrinin daha axıcı, ahəngdar və idiomatik olması, xalq dilinin zənginliyini özündə ehtiva etməsi və qoruması ilə seçilir. Layla və oxşamalarda xalqın dünyagörüşü, adət-ənənələri, ailə, ana-övlad münasibətləri və digər məsələlər əks olunur. Ona görə də bu folklor nümunələri eyni kökdən yaranan Azərbaycan və türk xalqlarının bu cəhətdən də yaxınlığını üzə çıxarır. Azərbaycan dili ilə müqayisədə Türkiyə türklərinin dilində söz,ifadə və morfoloji formaların danışıq dilində işlənmə imkanları Azərbaycan dilinə nisbətən daha məhduddur. Burada sözlərin böyük əksəriyyəti danışıq dilində də yazılış qaydasına uyğun əks olunur. Digər tərəfdən bu dildə bir çox şəkilçilər, o cümlədən -dır xəbərlik şəkilçisi son samiti ixtisar olunmadan yazılışa uyğun işlənir. Ümumən, fonetik transkripsiya folklor nümunələrinin daha axıcı, uyumlu və diləyatımlı olması, xalq dilinin zənginliyini özündə ehtiva edib qoruması ilə fərqlənir. Bu nümunələr Türk və Azərbaycan dillərinin poetik imkanlarını, xalq şeirlərində fonetik transkripsiyanın dilin təbiilik göstəricisi rolunu aydınlaşdırır.