Azərbaycan dili: tarixi kökləri, inkişaf yolu
Xülasə
Son dövrlərə qədər aparılan tədqiqat və araşdırmaların böyük əksəriyyətində türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixi düzgün araşdırılmamış, tarixi faktlar əksər hallarda məqsədli şəkildə, bəzən də bilməyərəkdən dolaşdırılmış, eləcə də saxtalaşdırılmışdır. Belə ki, türklərin ilk vətəni Orta Asiya hesab edilməklə onların Azərbaycandan başlayan və Orta Asiyadan çox-çox qədim dövrlərə gedib çıxan tarixini məqsədli şəkildə gizlətmiş, Azərbaycanın dünya türklərinin ilk ana vətəni olma faktını ört-basdır etmişlər. Son dövrlərə qədər türklərin ana vətəni Altayla bağlanmış, onların əslində ilk məskəni olan Azərbaycanda yerli etnos olması faktına toxunulmamış, əksinə türklər Azərbaycanda gəlmə, türkləşmiş xalq hesab olunaraq türklərin tarixinin guya hunlardan başladığı göstərilmişdir, Belə bir yanlış fikir irəli atılmışdır ki, hunlara qədər türklər “Ural-Altay” birliyinə daxil idilər. Halbuki qədim Altay mərhələsi ilə Hun mərhələsi arasında minillikləri əhatə edən çox böyük bir dövr durur ki, bu dövrün üzərindən adlayıb keçmək qeyri-mümkündür. Tədqiqatçılar şumer dili ilə müasir Azərbaycan dili arasında yüzlərlə ortaq sözlər müəyyənləşdirmişlər. Faktlar göstərir ki, burada hansısa təsadüfdən və ya tipoloji uyğunluqdan söhbət gedə bilməz. Həmin dil ünsürləri birbaşa Şumer-Azərbaycan dili arasında mənşə-kök bağlılığının ifadəsidir. Belə ortaq sözlər müasir dilimizə, sözsüz ki, tarixi abidələrimizdə qorunaraq gəlmişdir. Bu baxımdan Ana abidəmiz sayılan “Kitabi-Dədə Qorqud”da kifayət qədər Şumer-Azərbaycan sözlərinin işlənməsi müşahidə olunur.