ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan və türk dillərində alqış və qarğış paralelliyi

Say: Cild 3, № 1 (6), 2025 Səhifələr: 14–19 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/1/14-19

Xülasə

İctimai durumlarda ayrı-ayrı vəzifələrə malik olan alqış və qarğışlar istək və qarşıdurmaların ifadə vasitəsi kimi işlənir. Alqışlar insanların bəyənmə, qarğışlar isə etiraz hisslərini bildirir. Onların özünəxas estetik xüsusiyyətləri vardır. Alqış və qarğışlar follorşünaslıq, etnoqrafik, etnopsixoloji, kulturoloji və dilcilik istiqamətlərində araşdırılmağa layiq faktlardır. Qədim abidələrdən sayılan “Avesta”da deyildiyi kimi, bəşər tarixinin mərhələlərindən biri xeyirlə şərin mübarizəsi dövrüdür. Və bunu inkar etmək olmaz ki, dünyada xeyirlə şər, müsbətlə mənfi cəmiyyət içərisində həmişə özünü göstərmişdir. Ağzı dualı-alqışlı insanlarla yanaşı, məhfi enerjilərə yol açan dili qarğışlı adamlar da var və bu, müxtəlif situasiyalardan irəli gəlir. Bunların hamısının başında hikmətə sahib olan sözlər dayanır. Alqış və qarğışlar sözün ruhunu daşıyan dil örnəklərindəndir. Qarğışlar və alqışlar insanların təbiət, cəmiyyət hadisələrinə münasibətlərinin ifadəsi nəticəsində yaranmışdır. Onların dini etiqadlarla bağlılığı haqqında da fikirlər vardır. Xalq danışığında alqışlara “dualar”, qarğışlara “bəddualar” deyilir. Bu, onların daxili anlamı ilə bağlıdır. Alqış və qarğışların araşdırlılması sözün məna qatlarının açılmasında, xalqın milliyini ifadə edən dil-təfəkkür faktlarının təhlilində faydalıdır. Alqışlar və qarğışlar, insanın daxili dünyasının və ayrı-ayrı şəxslərə və ya qrup və mühitlərə münasibətlərinin ifadə formalarıdır. Alqışlar sevgi, hörmət və təşəkkürün bir nümunəsi olaraq Azərbaycan bədii dilində müsbət bir yer tutur. Qarğışlar isə etiraz və narazılıqla bağlıdır, onlar insanların emosional vəziyyətinə mənfi təsir edir. Maraqlıdır ki, çox vaxt bədii üslubda yazılan əsərlərdə qarğışlar elə məqamlarda işlənir ki, onlar müsbət münasibətə səbəb olur. Əslində, həm qarğışlardan, həm də alqıçlardan müdrikliklə istifadə etmək lazıçdır. Bir sıra tarixi abidələrin dili alqışların gücünü və qarğışlardan uzaq durmağın əhəmiyyətini başa düşməyə imkan verir. Həyatda insanların əhvalına daha çox müsbət enerji qatmaq üçün alqışların səsləndirilməsinə, qarğışların isə azaldılmasına diqqət etmək yaxşı olar. Araşdırmalat təsdiq edir ki, İnsanlar arasında daha yaxşı münasibətlər yaratmaq üçün alqışlardan daha çox istifadə olunmalıdır. Əslində, insanların qarğış və alqışlardan necə istifadə etdiklərini və hansı nəticələrə gətirib çıxara biləcəyini anlamaq üşün onların dərindən araşdırılmasına ehtiyac vardır. Ona görə də məqalədə həmin məsələlərə münasibət bildirilir. Məqalədə alqış və qarğışların linqvistik xüsusiyyətlərinin öyrənilməsi ilə qeyd edilir ki, alqışlar və qarğışlar insan təcrübəsinin iki əsas tərəfini təşkil edir: bir tərəfdən müsbət və gözəl, digər tərəfdən isə mənfi və xoşagəlməz hissləri bildirir. Alqışlar və qarğışlar bir çox cəmiyyətlərdə və mədəniyyətlərdə müxtəlif ifadə edilir və insan həyatında rol oynayır. Məqalə alqışların və qarğışların özünə məxsus mənaları və təsirlərinin olduğunu göstərir.