Müasir türk dillərində zərf
Xülasə
Məqalədə Azərbaycan və bütövlükdə türk dillərinin qrammatik sistemində əsas nitq hissələrindən biri kimi sabitləşmiş zərf haqqında sistemli məlumat verilir. Tədqiqatdan məlum olur ki, zərf qrupu türkoloji dilçilikdə kifayət qədər araşdırma obyektinə çevrilsə də başqa nitq hissələrinə mənsub leksik vahidlərdən obrazlı şəkildə desək, tam təmizlənməmişdir. Bunun başlıca səbəbi ilk növbədə zərfin sərhədlərinin müəyyənləşdirilməsində nitq hissələrinin təsnifində istifadə edilən prinsiplərin düzgün seçilməməsidir. Belə ki, digər əsas nitq hissələrinin bölgüsündə leksik-semantik və morfoloji prinsiplər əsas götürüldüyü halda, zərfin təsnifatında meyar olaraq dilçilikdə köməkçi funksiya daşıyan sintaktik prinsipdən istifadə edilmişdir. Qeyri-adekvat yanaşma zərflə yanaşı, onun lüğəvi məna növlərinin də şərhində fikir müxtəlifliyinə səbəb olmuşdur. Nəticədə bəzi tədqiqat əsərlərində zərfin tərzi-hərəkət, zaman, yer, miqdar, səbəb və məqsəd zərflərindən ibarət beş məna növü, bəzilərində isə tərz, zaman, yer və miqdar zərflərini əhatə edən dörd növü qeyd edilir. Hətta türk dillərində zərfin məna növlərinin sayı bəzən yeddiyə çatdırılır. Araşdırma prosesində bu sahədə müşahidə olunan ziddiyyətlərin və fikir dolaşıqlığının aradan qaldırılmasına nail olmaq üçün türk dillərinin qrammatik quruluşunun təbiətinə uyğun olaraq zərfin təsnifatında digər əsas nitq hissələrində olduğu kimi, leksik-semantik və morfoloji prinsiplərin tətbiqinin zəruri olduğu diqqətə çatdırılır. Qeyd olunan prinsiplər əsasında yaxşı, pis, gözəl sifətlərinin; az, çox, xeyli saylarının əslində zərf olmadığı, sadəcə, hərəkət məzmunlu sözlərin qrammatik mənalarının aydınlaşdırılmasına xidmət edərkən adverbiallıq qazandığı dil materialları və faktlarla əsaslandırılır; mülahizə bir söz (əgər omonim deyilsə) bərabərdir bir nitq hissəsi prinsipi ilə izah edilir. Məqalədə, həmçinin, göstərilən prinsipin tətbiqi əsasında zərfin lüğəvi məna növlərinin məzmununa da aydınlıq gətirilir. Təhlillərdən məlum olur ki, miqdar anlayışı tarixən zəruri tələbat əsasında hərəkətin deyil, əşya məzmunlu məvhumların sayını, çəkisini, miqdarını aydınlaşdırmaq məqsədilə yaradıldığı üçün zərf adlandırılması absurddur. Miqdarla müqayisədə dərəcə geniş anlayışdır. O, semantik tutumunun genişliyinə görə həm əşya, həm də hərəkət məzmunlu sözlərə aid ola bilir. Bunlar əsas götürülərək miqdar zərfləri adı altında verilən söz qrupunun dərəcə zərfləri adlandırılması daha məntiqli hesab edilir. Səbəb və məqsəd zərflərinə gəlincə morfoloji göstəricilərinə görə onlar dildə hələ zərfin məna növləri kimi təşəkkül tapmamışdır. Tədqiqat prosesində qeyd olunan faktlar əsasında zərf qrupuna daxil olan sözlər əvvəlki təsnifatlardan fərqli olaraq tərz, zaman, yer və dərəcə növləri üzrə qruplaşdırılır.