ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 4, № 2 / Ədəbiyyatşünaslıq

Birinci Türkoloji Qurultay: türk xalqları tarixinin şərəf səhifəsi

Say: Cild 4, № 2 (10), 2026 Səhifələr: 109–116 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/10/109-116

Xülasə

Azərbaycan, o cümlədən digər türk respublikaları Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan SSRİ iflasa uğradıqdan sonra öz müstəqlliklərinə qovuşmaqla siyasi-ideoloji istiqamətlərdə olduğu kimi mədəniyyət, ədəbiyyat, ictimai həyat, əlifba və yazı sahəsində də islahatlar aparmağa, bir-biri ilə qarşılıqlı inteqrativ əlaqələr qurmağa başladılar. Ötən müddət ərzində adları çəkilən sahələrdə nəzərəçarpacaq uğurlar əldə edildi. Eyni zamanda XX əsrin 20-ci illərinə retrospektiv nəzər sərgiləyəndə isə 1926-cı ilin 26 fevral – 5 mart tarixlərində Bakıda keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın bu xalqların həyatında oynadığı taleyüklü rolu göz önünə gəlməkdədir. Qurultay nümayəndələri olmuş nəinki türk xalqları alimlərinin, türkoloqlarının və dilçilərinin, həm də Qərbi Avropadan və digər ölkələrdən olan qeyri-türklərin Qurultay iştirakçılarının həyat və fəaliyyəti təhlükə altına düşmüş, əksəriyyəti repressiya qurbanı olmuşlar. 100 il bundan öncə düzənlənmiş bu elmi-mədəni forumun fəaliyyətinə, oradakı nümayəndələrin taleyinə yenidən işıq salmağın zamanı çoxdan çatmışdır. Odur ki, XX əsrin sonları – XXI əsrin əvvəllərindən Qurultay və onun iştirakçıları ilə bağlı çoxsaylı məqalə və materiallar işıq üzü görür, fikirlər söylənilir. Biz də belə yanaşma işığında Birinci Türkoloji Qurultayla bağlı fikirlərimizi geniş oxucu auditoriyasına təqdim etməyi zəruri hesab edirik. Birinci Türkoloji Qurultay nəinki Azərbaycan, Türkiyə, Türküstan, Orta Asiya, həm də bütün dünyada yaşayan türk xalqlarının tarixinə, etnik şüuruna və təfəkkürünə onların milli kimliyi uğrunda apardıqları mübarizənin ən monumental və yaddaqalan mədəni-elmi hadisəsi kimi daxil olmuşdur. Türk xalqlarının milli özünüidentifikasiyası onların dilini, milli kimliyini, mədəni dəyərlərini, etnik özünəməxsusluq ənənələrinə sadiqliyini nəzərdə tutmaqla, həm də mədəniyyətinin modernizasiyasını, onun qorunub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tuturdu. Türk xalqları mədəniyyətinin öncülləri yaxşı duyub, hiss edirdilər ki, XX əsrin lap əvvəllərində olduğu kimi, həmin əsrin 20-ci illərində də rus dili, rus mədəniyyəti türk dilinin, ədəbiyyatının inkişafına və formalaşmasına bəzi pozitiv məqamlarla yanaşı, həm də özünün neqativ təsirini də göstərirdi. Bunu dərindən duyan türk ziyalıları, dilçiləri, ədəbiyyatçıları, tarixçiləri, alimləri və eləcə də qeyri-türk xalqlarından olub, onların mədəni-ədəbi nümunələrinə, dilinə, ədəbiyyatına, etnik kimiliyinə rəğbətlə yanaşan alimlər Birinci Türkoloji Qurultayın cağrılmasının və belə bir mötəbər məclisdə türk xalqlarının gələcəyə istiqamətlənən vektorlarının müəyyənləşməsinin zəruri olduğunda israrlı idilər. Bu məqsədlə türkçülük aşiqlərinin 1926-cı ilin əvvəllərində Bakıda toplaşmalarını qərara almışdılar.